“Hər ehtimala qarşı, yarım günümü çardaqda keçirdim” – <font color=red> ARİF ƏLİYEV</font>

Maraqlı

31.08.2020 - 15:36

Tanınmış jurnalist: “Amansız tənqidlərin yaxşılığa doğru dəyişdirdiyi bir adam belə, tanımıram”

 

Bu gün “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyevin 60 yaşı tamam olur. Onun inanılmaz peşəkarlığı, təcrübəsi və xarizmasının olması bir çoxları üçün sirr deyil. Ancaq az adam onun xeyli dərəcədə maraqlı bir həmsöhbət olduğunu bilir. Beləliklə, AYNA-nın müsahibi Arif Əliyevdir.

 

- Yubileyiniz çətin bir dövrə düşdü: pandemiya, karantin, məhdudiyyətlər ... Sizin üçün əlamətdar olan bir gündə əhvalınız necədir?

 

- Tam bayram əhval-ruhiyyəsinin olmasını söyləmək çətindir, amma qəmgin də deyiləm. Ad günümü qeyd etməyi sevirəm. Adətən bu gün həmişə yaxşı əhval-ruhiyyədəyəm, həmişə dostların əhatəsindəyəm... Ümumiyyətlə, həmişə dostların əhatəsindəyəm və xüsusən də bu gündə. Əlbəttə ki, bu günü planlaşdırdığımız kimi qeyd etməyəcəyik, amma hər halda bütün norma və qaydalara riayət etməklə görüşəcəyik.

 

- Keçmiş illərə nəzər salsaq, həyatınızda yəqin ki, uğurlar, uğursuzluqlar, bəlkə də məyusluqlar çox olub. Özünüzə xoşbəxt bir insan və ya həyatım alınıb deyə bilərsinizmi?

 

- Bəli. Hər şeyə baxmayaraq, həyatımın alındığını düşünürəm. Əlbəttə ki, başladığım hər şey alınmayıb, amma düşünürəm ki, Tanrı mənə hələ bir az da vaxt verəcək ki, tamamlaya bilmədiyim işləri tamamlayım. Görülməmiş, yarımçıq çox işlər qalıb. Birini həll edəndə düşünürsən ki, onların sayı azalacaq. Ancaq, getdikcə əksinə olur.

 

- Yeni nəşrlər barədə nə deyə bilərsiniz? Təəssüf ki, onların bəzilərinin media ilə bağlı heç elementar düşüncələri belə, yoxdur?

 

- Mən Azərbaycanın dünya jurnalistikasından fərqlənən xüsusi bir inkişaf yoluna sahib olduğuna inananlardan deyiləm. Müasir medianın sayı heç də həmişə keyfiyyətə çevrilmir: keyfiyyət, təəssüf ki, bu gün Azərbaycanda mövcud olmayan xüsusi şərtlər tələb edir. Və bütün dünyada da mövcud deyil! Jurnalistikanın keyfiyyəti aşağı düşdü. Təhlükələr və təhdidlər artdı. Buna görə bu, qlobal prosesin bir hissəsidir və biz onun içərisində olduğumuzdan, müstəqil olaraq nəyisə dəyişə biləcək gücdə deyilik. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən özümüzü bu sistemin daxilində olduğumuzu nəzərə alaraq, ümumi inkişaf səviyyəsindən çox geri qaldığımızı etiraf etməliyik. Hətta, bölgədəki qonşularımızdan da geri qalırıq. Ancaq məni incidən kimdənsə geri qalmağımız yox, irəli, inkişafa doğru hansısa addımların olmamasıdır. Təəssüf ki, bu, mənim 60 illik yubileyimə təsadüf edən çətin və üzücü məqamlardan biridir.

Azərbaycan Milli Mətbuat Gününü qeyd edir

- Hansı göstəricilərə görə geri qalırıq?

 

- Peşəkar səviyyəyə, müstəqillik səviyyəsinə, cəmiyyətə təsirinə görə.  Əlbəttə ki, dediklərimi sübut etmək üçün bir çox konkret rəqəmlər verilə bilər, amma bunu etmirəm. Çünki danışdıqlarım heç kimə sirr deyil.

 

- Ancaq bu gün cəmiyyətimiz Roma İmperiyası dövründə populyar olan “Çörək və tamaşa" şüarına uyğun fəaliyyət göstərən media reallığında yaşayır. Yəni "sarılıq" tələbi yeni bir reallığa çevrilib?

 

- Əslində, "sarılığa" tələb heç vaxt keçməyib. Amma bununla birlikdə, cəmiyyətdə mediaya daha yüksək, daha ciddi tələb var. Əks təqdirdə medianın işindən belə narazılıq olmazdı. Narazılıq isə media cəmiyyətin gözləntilərini doğrultmadıqda baş verir. Ancaq burada bir məsələ var. Cəmiyyəti və dünyanı həmişə qorxu idarə edir: mövqe itirmək qorxusu, həyatını itirmək qorxusu, uşaqların həyatına görə qorxu və s. Və media, bir qayda olaraq, bu hissi istifadə edərək pul qazanır. Fikir verimisinizsə, bütün xəbər bülletenləri ən neqativ məlumatlarla başlayır. Xəbərlər nə qədər həyəcanvericidirsə, məlumat blokundakı reytinqi o qədər yüksəkdir. Ancaq bu sistemin özündə müəyyən bir tarazlığın qorunması lazımdır. Və mediamız bu tarazlığı hiss etmir və tarazlığı da saxlamır. Bu yaxınlarda çox bəyəndiyim bir ifadə eşitdim: "toksik media". Belə medialar bu cəmiyyəti zəhərləyirlər, eyni zamanda qorxulardan öz mənafeləri naminə istifadə edərək, bu hissi gücləndirirlər. Media ən güclü sosial institutlardan biridir. Tarix, hökumətin, siyasi qüvvələrin və cəmiyyətin davranışlarına nəzarət üçün bundan daha yaxşı bir mexanizm ortaya qoymayıb. Ancaq bu sistem nasaz işləməyə başlayanda, böhran yaranır. Bunu hamı başa düşür. Həm səlahiyyətlilər, həm də ictimaiyyət medianın qarşısında duran vəzifələri yerinə yetirməməsindən şikayətlənir. Biz jurnalistlər də bunu başa düşürük – axı, bizim sferamızda baş verənləri bizdən yaxşı kimsə başa düşməyəcək! Hamı başa düşür, amma heç kim üzünü bu situasiyadan çıxışa tərəf döndərmir.

 

- Çıxış hansı tərəfdədir?

 

- Bir dəfə Erkin Qədirli çox yaxşı ifadə işlətdi: "Çıxış girişin olduğu yerdədir". Bu bataqlığa özümüz necə girmişiksə, oradan da eləcə çıxmalıyıq. Bunun necə edildiyini söyləməklə Amerika kəşf etmirəm. Bizim qarşımızda Avropa ölkələrinin kütləvi informasiya vasitələrinin böyük təcrübəsi durur. Məsələn, hər cəhətdən bizə çox yaxın olan Türkiyə. 70-ci illərdə Türkiyədə medianın vəziyyəti bu gün bizdəkindən də pis idi. Ancaq 10 ildə onlar güclü bir sıçrayış etdilər. Burada böyük bir ağıla və ya uzun bir müddətə ehtiyacınız yoxdur: bu gün hərəkət etdiyiniz yolda deyil, digər istiqamətdə hərəkət etməlisiniz. Konkret tədbirlər barədə isə bir çox media mütəxəssisləri dəfələrlə danışıblar.

 

- Sizcə, bir jurnalistin siyasi oriyentasiyası ola bilər, ya o, siyasətdən tam kənar bir adam olamalıdır?

 

- Fərq, bilirsiz nədədir? Jurnalistin bir növ oriyentasiyası varsa, bu, onun azad olmadığı anlamına gəlmir. Məsələ burasındadır ki, jurnalist fikirlərini özü müəyyənləşdirir, yoxsa kimsə ona diktə edir və o, kiminsə əmrlərini yerinə yetirir. Bu, əsas elementdir. Peşəkar normalar jurnalistdən öz düşüncələrini insanlara yeritməməyi, əksinə, cəmiyyətin özünün seçim etmək imkanının təmin edilməsini tələb edir. Ölkəmizdə, təəssüf ki, bu hal böyük ehtimalla, jurnalistlərin qərəzliliyinin nəticəsi və azadlığın olmamasının göstəricisdir, nəinki onun öz inancının təzahürü. Bir şeyi düşünən və tamamilə başqa bir şey yazan çox sayda insan tanıyıram.

Oxu.az - Dövlət qurumu problemi olan şirkətlərin siyahısını dərc edəcək -  RƏSMİ

- Peşəkar fəaliyyətdə prinsipləriniz və prioritetləriniz nələrdir?

 

- Mənim üçün peşə prinsiplərim, demək olar ki, müqəddəsdir. Bu, praktik olaraq, mənim həyatdakı inancımdır. Mənim əsas meyarlarım peşəkar prinsiplər və bunların pozulmamasıdır. İnanıram ki, bu yanaşmanın xaricində jurnalistika sadəcə öz fəaliyyətini dayandırır. Buna görə də bu, mənim üçün çox ciddi bir məsələdir.

 

- Yəqin ki, Yalama qarnizonunun taleyi barədə "Əsgərlər unudulanda ölürlər" filminin çəkilişində siz məhz bu prinsipləri rəhbər tutmusunuz. Şübhəsiz ki, bu əsər Azərbaycan kinosuna əvəzsiz töhfədir. Bu təsirli layihəyə başlamağınıza nə təkan verdi?

 

- Çox təəssüf edirəm ki, kinoya hər hansı bir töhfə verdiyimi deyə bilmərəm. Baxmayaraq ki, bir vaxtlar rejissor olmaq istəyirdim. Lakin mərhum Adil İskəndərov məni bu yoldan çox tez döndərdi. Ona görə də bu film tam olaraq, mənim jurnalist araşdırmamdır və film baxımından bu işdə dəyərli bir şey varsa, yalnız rejissor, mərhum Rövşən Almuradlıya və bu filmin musiqisini yazan çox güclü bəstəkarımız Vaqif Gərayzadəyə təşəkkür eetməliyəm. Bu, mənim üçün çox əlamətdar bir iş idi. Təxminən, iki il ssenari üzərində çalışdım, məlumatları tədricən topladım, arxivləri araşdırdım, məktublar və sənədlər öyrəndim. Məni bu işə, hətta, peşəkarlıq deyil, adi insan marağı məcbur etdi. Birdən-birə nə baş verdiyini tam anlamayan 350 nəfər 20 yaşlı əsgərin, sadəcə Vətən qarşısında borclarını necə ödədiklərini təsəvvür etdim. Həyatlarını qurban verən bu uşaqlar barədə ya heç kim ümumiyyətlə heç nə bilmir, ya da onları xain hesab edirlər. İddialara görə, onlar işğalçılara təslim oldular və əsgər andına xilaf çıxadılar. Bu, çox kədərli bir hekayə, onların ruhuna böyük bir təhqirdir. Və birdən mənə elə gəldi ki, insanlar həqiqətən baş verənlər haqqında həqiqəti öyrənənə qədər bu uşaqların ruhları dincəlməyəcək. Özümü onların yerində təsəvvür etdim və təmiz adlarını özlərinə qaytarmaq istədim.

 

Əvvəlcə bu mövzuda tamaşa qoyulmasını istədim, hətta bu məqsədlə ssenari də yazdım. Ancaq təəssüf ki, son anda bütün hazırlıqlarımız alınmadı və biz çox məhdud imkanlarımızla film üzərində işləməyə başladıq. Və çəkdik. Bacardığımız üçün çox şadam. Bütün həqiqətləri toplaya bildik, birləşdirdik və əvvəlcə kitaba, daha sonra sənədli filmə çevirdik. Hərçənd bu hekayə bədii bir film üçün əla mövzudur. Çəkilişin bütün səhnələri gözümün qabağındadır. Ancaq təəssüf ki, bu layihəyə reaksiya və avropalı dostlarımın köməyi bizimkilərdən daha çox oldu. Yadımdadır, çəkiliş üçün vəsait axtarırdıq və bu barədə Avropa İttifaqından olan çox ciddi insanlarla danışdım. Onlar inana bilmirdilər ki, bir xalqın tarixində uzun illərdir bilinməyən bir həqiqətin açılmasına cəmiyyətdən kifayət qədər dəstək tapılmır. Ancaq biz ümidsizliyə qapılmadıq.

 

- Bu hekayəni hələ də teatr səhnəsində görmə şansımız varmı?

 

- İstərdim. Ancaq bu, hazırda mənim məşğul olduğum məsələ deyil. Vaqif Gərayzadə bu layihəni bir müzikl halına gətirmək istəyirdi. Bu, çox böyük bir işdir və onunla çox ciddi rejissor məşğul olmalıdır. Fikir və istək var. Ümumiyyətlə, teatrı çox sevirəm və düşünürəm ki, bu, bütün sənətlərin kvintessensiyasıdır.

 

- Azərbaycan teatrının, kinosunun, şeirinin iki fərqli dövrünü görən bir insan olaraq bu gün geriləmə və ya tərəqqi - nə hiss edirsiniz? Zaman keçdikcə Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova, Səməd Vurğun kimi adlarımız azalır... Sizcə, bunu səbəbi nədir: insanların saflığı, sadəlövhlüyü azalıb, yoxsa insanlar arasında “bazar münasibətləri”, müasir həyatın ritmi artıq yüksək xəyallara vaxt qoymur?

 

- Bir ağıllı adam, təbiətdə yerinə yetirilən istəklərdən başqa heç bir şeyin yox olmadığını söyləyib. Əlbəttə, xəyallar qalır. Çünki yerinə yetirilməyən istəklər çoxdur. Hər birimizdə. Əlbəttə ki, dövrlərarası müqayisədə biz ancaq enişdən danışa bilərik. Ayrı bir ölkədə sosializm qurmaq mümkün olmadığı kimi, ayrılıqda hər hansı bir sahənin inkişafını təmin etmək də mümkün deyil. Bu baxımdan həyatımız paradokslarla doludur. Məsələn, Azərbaycanda iqtisadiyyat, tam olaraq, neftin hesabına olsa da, müəyyən dərəcədə inkişaf edib, amma digər bütün sahələr haqqında təəssüf ki, bunu deyə bilmərəm. Demək ki, nəsə səhv gedir, nəsə qəsdən durdurulub, başqa tərəfə yönəldilir. İdeologiya ya səhvdir, ya da ki, hələ ümumiyyətlə tapılmayıb. Bütün bunlar heç bir şəkildə ayrı-ayrı, çox vacib sahələri düzgün istiqamətdə qura bilməməyimizə gətirib çıxarır. Uğurlarımızla nə qədər qürur duysaq da, incəsənət tənəzzüldədirsə, deməli, cəmiyyətin mənəviyyatla bağlı ciddi problemləri var. Əgər dövrlərin müqayisəsidən çəkinsək, təbii ki, bu gün bir sıra müsbət məqamlar da var. Filmlərimiz beynəlxalq səviyyəyə çıxır, çox uğurlu teatr əsərlərimiz var, kitab nəşri dirçəlir. Birmənalı olaraq, hər şeyin pis olduğunu deyə bilmərik. İrəliləyiş hər zaman var. Ancaq elə etmək lazımdır ki, onu təkcə elitanın kiçik bir hissəsi deyil, kütlələr həyatlarında hiss etsinlər.

 

- İlk məqalənizi 8 yaşında yazdığınız doğrudur?

 

- Bəli, mən ikinci sinifdə oxuyurdum və “Ulduz” metrostansiyasından bir qədər aralıda yaşadığımız küçə dəhşətli vəziyyətdə idi. İndi də demək olar ki, eyni gündədir. Uşaqlarla orada top qovurduq və həmişə kimsə yıxılır, ayağını əzirdi. Bir dəfə mən də yıxıldım və əlimi zədələdim. Acığımdan küçəmizə dair tənqidi bir yazı yazıb məktubla “Azərbaycan Gəncliyi” qəzetinin redaksiyasına göndərdim. Gözlənilmədən məqalə yayımlandı. Bu qəzeti məktəbə gətirəndə görəydiniz! Sahə polisi məndən şikayət etmək üçün atamın yanına gəldi. O gün, hər ehtimala qarşı, yarım günümü çardaqda keçirdim...

 

O illərdə qəzetdə çıxan hər söz böyük bir rezonans doğurdu. Bundan sonra vaxtaşırı digər nəşrlərdə dərc edilməyə başladım. O zaman uşaqlar və gənclər üçün bir çox fərqli qəzet və jurnal var idi. Evdə hələ o dövrün məşhur yazıçıları tərəfindən hədiyyə olunan kitablarım var. İndi belə şeylər yoxdur. İndi redaksiyalarda, hətta, bəzən təhsili olmayan insanlar çalışır. O zaman media çox ciddi idi və redaksiyalarda da əksəriyyəti yazıçı olan şəxslər çalışırdı.

 

- Həyatınızın ən dəlisov, ekstravaqant hərəkəti hansı olub?

 

- Çox şeylər olub, indi hansının daha ekstravaqant olduğunu söyləmək çətindir. Əsas odur ki, bu addımları atarkən, müəyyən prinsiplərə əsaslanırdım. 1988-ci ildə Mərkəzi Komitənin Siyasi Bürosunun qərarı ilə "Azərbaycan Gəncləri" qəzetinin baş redaktoru Nəcəf Nəcəfov vəzifəsindən kənarlaşdırıldı və iclasda yeni baş redaktoru bizə təqdim edəndə böyük bir haqsızlığa yol verildiyi üçün onunla işləməyəcəyimi dedim. Orada olan Mərkəzi Komitənin nümayəndəsi mənə dedi: "Bu addımla bütün gələcək karyeranız üzərindən xətt çəkdiyinizi başa düşürsünüz?" Addımımın hansı nəticələrə gətirəcəyini başa düşürdüm, çünki partiya cəzası ilə ciddi haradasa işləmək şansın sıfıra bərabər olurdu. Ancaq sonradan qərarımın doğru qərar olduğunu dövr özü sübut etdi. Buna görə də, bu gün dəlilik dediyiniz bir addımın sabah nəyə çevriləcəyini bilmək mümkün deyil.

 

- Nümunəvi bir ailə başçısı təsiri bağışlayırsınız. Ailədə münasibətə bir növ qığılcım verən nədir və qadında hansı xüsusiyyətlər bu qığılcımın sönməsinə imkan verməməlidir?

 

- Deməzdim ki, nümunəvi bir ailə başçsıyam, amma bu yaxınlarda həyat yoldaşım ona hələ də mənimlə çox maraqlı olduğunu etiraf etdi. Mənə də eyni dərəcədə maraqlıdır. Əsas odur ki, insanlar bir-birilərinə maraqlı olsunlar. Sevginin dünyadakı ən acgöz hiss olduğunu da bilirəm! Hər gün yemək istəyir və hər gün onun qidalanması lazımdır. Bunu etməyi dayandıran kimi əvvəlcə vərdişə çevrilir və sonra da digər problemlər başlayır. Bəlkə də bu həqiqəti anlamaq gözlərdə illərlə sönməyən enerji və parıltı verir. Ancaq bir çox cəhətdən mən hələ də bir ailə üçün olduqca çətin bir insanam. Tam olaraq, işimə girişəndə fikir məni apara bilər və çox şeyi unuda bilərəm. Son kitabımı yazanda, sözün əsl mənasında əsərin içində yaşadım. Geri qayıtmaq həmişə çətindir.

 

- Arif Əliyevdən üç əsas həyat qaydası...

 

- Kiməsə nəsə məsləhət vermək çox çətindir. Hər bir adamın öz hekayəsi və hər birinin də öz üç yaşam qaydası var. Ancaq düşünürəm ki, birincisi əlbəttə ki, ədalətdir. Haqsız davranırsınızsa, onda mütləq özünüz də əziyyət çəkəcək və hər şeydə özünüzü günahlandıracaqsınız. İkincisi, "adam kişi olar"dır. Bu, o deməkdir ki, riayət edilməsi vacib olan kişilik, cəsarət qanunları var və həmişə bu məsələdə özünüzə və başqalarına qarşı dürüst olun. Üçüncüsü, insanlarla çox diqqətli davranmaq lazımdır. Ən böyük bacarıq dinləməkdir. Anlamaq lazımdır ki, həyatda bir şeyi dəyişdirmək istəyirsənsə, elə bir şəkildə danışmalısan ki, insanlar səni dinləsinlər. Amansız tənqidin yaxşılığa doğru dəyişdirdiyi bir adam belə, tanımıram. İnsanları yalnız bu həyatı tərk etdikdən sonra deyil, həyatda olduqlarında da qiymətləndirməliyik. Yalana və xəyanətə nifrət edirəm və Boris Pasternaka məxsus olan ifadəni həqiqətən sevirəm: "Həqiqəti söyləyə bilməmək - heç bir yalan danışmaq bacarığının ört-basdır edə bilməyəcəyi bir çatışmazlıqdır".

Müəllif: İradə Əsədova

Ramanada faciə

Dünən, 17:26 Hadisə