“Hakimiyyətə mənim şəxsən tanıdığım Manukyan gəlsə...”

Siyasət

11.12.2020 - 23:24

Zərdüşt Əlizadə: “Ermənistan iqtisadiyyatı dəhşətli vəziyyətdədir və vəziyyət bundan daha pis ola bilməz”

 

Hərbi qənimət olaraq ələ keçirilən hərbi texnikanın nümayiş olunduğu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Bakıdakı Zəfər paradının fonunda, Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə yenidən İrəvanda mitinq keçirildi. Ümumiyyətlə, 10 noyabrda Ermənistan təslim olandan sonra İrəvandakı mitinqlərin dayanmadığı qeyd edilməlidir, amma Paşinyan hələ istefaya getməyib və görünür ki, kreslosundan ayrılmaq niyyətində deyil.

 

Baş verənləri AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Paşinyanın istefasını tələb edən 17 partiyadan yalnız biri parlament partiyasıdır: “Qalan müxalifət qüvvələri siyasi “cırtdanlar”dır və heç nəyə təsir edə bilmirlər. Bu insanlar Paşinyana qarşı heç nə edə bilməyəcəklər. O, indi dövlət aparatını idarə edir və eyni zamanda əhalinin əhəmiyyətli bir hissəsinin dəstəyini hələ də hiss edir. İndi Ermənistanda hakimiyyətə can atan siyasi qüvvələr Ermənistanı xilas etmək niyyətində deyil, belə ki, orada xilas ediləcək bir şey qalmayıb. Onlar bir zamanlar Paşinyandan əvvəl oğurladıqları kimi rahat mövqelər tutmaq və oğurlamağa davam etmək üçün iqtidara can atırlar”.

Politoloq Zərdüşt Əlizadə:

Həmsöhbətimizn fikrincə, erməni müxalifətinin alternativ siyasi və iqtisadi proqramı yoxdur və bu səbəbdən də onlar erməni cəmiyyətinə heç bir şey təklif etmirlər: “Tam olaraq, nə bir strategiya, nə də təcrübəli kadr heyətləri var. Ermənistandakı daxili siyasi vəziyyəti - müxalifətin vəziyyətdən istifadə edərək xalqın seçdiyi hökuməti devirmək ümidi ilə bir hay-küy kimi xarakterizə edərdim. Düşünürəm ki, tezliklə xalq sakitləşəcək, ehtiraslar soyuyacaq. Paşinyan yalnız gələn ilin ortalarında və ya sonunda özü istefa verəcək”.

 

“Məlum üçtərəfli razılaşmanın bütün bəndləri yerinə yetirilənə qədər Paşunyan Rusiyadan dəstək alaraq hakimiyyətdə qalacaq. Kreml onu sadə bir səbəbdən dəstəkləyir - 10 noyabrda imzalanan bəyanatın legitimliyini üç imza təmin edir: Əliyev, Putin və Paşinyan. Bu gün Paşinyan aradan qalxsa, bu sənədin qanuniliyi zəifləyəcək. Rusiyanın isə buna qətiyyən ehtiyacı yoxdur”, - Əlizadə bildirib.

 

Analitik hesab edir ki, məğlubiyyətdən sonra Paşinyan tamamilə idarə oluna birinə çevrilib və odur ki, hakimiyyətdən getməməlidir: “İndi Ermənistan faktiki olaraq Rusiyanın bir növ Cənubi Osetiya kimi bir vilayətinə çevrilib. Buna görə də Paşinyanın hakimiyyətdən kənarlaşdırılması üçün heç bir səbəb yoxdur. Hakimiyyəti devirmək istəyənlərin - Vazgen Manukyan, Robert Köçəryan, Serj Sarqsyan və başqaları kimi acgöz, köhnə kadrların bunun üçün öz səbəbləri var, amma erməni cəmiyyəti onlardan bezib”.

 

Ekspert onu da qeyd edib ki, erməni siyasətçiləri müharibədə məğlub olduqlarını, minlərlə əsgər itirdiklərini, daha çox sayda yaralının olduğunu anlamalıdırlar: “Bu ölkənin iqtisadiyyatı dəhşətli vəziyyətdədir və bu gün Rusiyanın əlavəsinə çevrilib. Vəziyyət bundan daha pis ola bilməz, hər hansı bir siyasi və iqtisadi böhran indi gördüyümüzdən yaxşıdır. Müxalifət Paşinyanı devirməyi bacararsa və bu arada şəxsən mənim tanıdığım Vazgen Manukyan kimi müxalifətçilər və ya Serj və Robert iqtidara gəlsə, o zaman Ermənistanı tamamilə məhv edəcəklər. Paşinyan hakimiyyətdə qalsa, o zaman bir mərhələdə Qərblə razılığa gələ biləcəyinə ümid var. Aralarında Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli bir çoxunun olduğu bu müxalifətçilər gəlsə, Ermənistan ümidsiz şəkildə parçalanacaq”.

Müəllif: Nicat Hacıyev