Güzəştli mənzillərin satışında növbəti uğursuzluq: “ağıllı sistem” bu dəfə də “ağllanmadı”

Cəmiyyət

19.09.2022 - 10:15

Osman Gündüz: “Hadisəyə səbəb “Asan Login” sisteminə kütləvi DDoS hücumlarının və kibermüdaxilələrin zərərsizləşdirilməsi üçün vaxtında tədbirlərin görülməməsidir”

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində (YYK) ötən həftənin sonunda satışa çıxardığı 815 mənzilin seçiminin nəticələri yenidən ləğv edilib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX), MİDA və “ASAN Xidmət”in birgə bəyanatında “ağıllı” sistemin kiberhücuma məruz qaldığı bildirilib.

Deyirlər ki, satışdan əvvəl dövlət orqanlarının informasiya sistemlərində texniki problemlər aşkarlanıb - onlar əlavə yüklənməyə səbəb olub. Nəticədə, elektron satışın tarixi təxirə salınmalı olub, çünki bu, seçimin nəticələrinə təsir edə bilər.

Amma məsələnin araşdırılması daha maraqlı mətləbləri üzə çıxarıb. DTX hadisə ilə bağlı araşdırmalara başlayıb və müəyyən edib ki, Elektron Hökumətin İnkişafı Mərkəzinin “Asan Login” sisteminə, ölkə hüdudlarından kənarda qlobal hostinqlərə məxsus İP ünvan diapazonlarından istifadə etməklə irimiqyaslı kiberhücum edilib.

Elektron ticarətə kimin müdaxilə etdiyi hələlik məlum deyil. Sadəcə olaraq deyirlər ki, kiberhücumların kanalları tam müəyyən edilib və bloklanıb. Faktla bağlı DTX-nın Baş İstintaq İdarəsində Cinayət Məcəlləsinin 273.4-cü (sosial əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi açılıb, həyata keçirilən istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.

“Əgər dövlət qurumuna kiberhücum olduğu rəsmən təsdiqlənərsə, aydındır ki, burada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məsuliyyəti də var”, - deyə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələni AYNA-ya şərh edərkən bildirib.

Onun fikrincə, hadisəyə səbəb “Asan Login” sisteminə kütləvi DDoS hücumlarının və kiber müdaxilələrin zərərsizləşdirilməsi üçün vaxtında tədbirlərin görülməməsidir: “Hesab edirəm ki, DDoS təhlükəsi əvvəlcədən nəzərə alınsaydı, sözügedən strukturun peşəkarlıq səviyyəsi, ən pis halda “Asan Login” və ya MİDA-da xarici trafikin qarşısını almaq üçün kifayət edərdi. Ümid edirəm ki, məsul şəxslər bütün bunları başa düşərək gələcək üçün qabaqlayıcı tədbirlər görəcəklər”.

Mütəxəssis xatırladıb ki, bundan əvvəl dövlət başçısının fərmanı ilə mühüm qurumların kibertəhlükəsizliyi ilə bağlı tədbirlər təsdiq edilib: “Məncə, aidiyyəti qurumlar dövlət qurumlarının, o cümlədən kritik qurumların təhlükəsizliyini qorumaq üçün səylərini artırmalıdır”.

Maraqlıdır ki, bütün bunlar Beynəlxalq Kibertəhlükəsizlik Gününə həsr olunmuş iki günlük tədbir ərəfəsində baş verir. Sentyabrın 21-22-də bu sahədə ən böyük şirkətlərdən biri olan PROSOL tərəfindən ikinci dəfə toplantı keçiriləcək. Tədbirdə İsrail, Türkiyə, ABŞ, Ukrayna, Latviya, BƏƏ şirkətləri, eləcə də “Nozomi”, “CheckPoint”, “SocRadar”, “Crowdstrike”, “Palo Alto Networks”, “Avnon Group”, “Nubs Group”, “Agritask”, “Pyramid”, “Analitika”, “Bax Təhlükəsizlik”, MONT, “Elcore”, “Bakotech”, “Softprom” kimi qlobal və regional şirkətlərin kiber ekspertləri bir araya gələcəklər.

Yeri gəlmişkən, əvvəllər məsul məmurlar daha çox tanış arqumentlər gətirirdilər. MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı izah edib ki, ötən dəfə olduğu kimi, bu dəfə də güzəştli mənzil sisteminə elektron müraciətlər gözlənildiyindən çox olub. Nəticədə sistem həddən artıq yüklənib və sonda güzəştli mənzillərin satışı yenidən “donub”.

Lakin Elektron Hökumət Mərkəzinin direktor müavini Mehdi Cavadov bildirib ki, güzəştli mənzil sisteminin 20 minə yaxın potensial istifadəçisi var: “İstifadəçilərin təxminən 50%-nin satışda iştirak edəcəyi gözlənilirdi. Yeni ssenaridə sistemdə 20 mindən çox istifadəçinin iştirakı ilə yükləmə testləri aparılıb. Bütün sınaqlar uğurla tamamlanmışdı. Bunlar əvvəlki satışlarda olduğu kimi standart prosedurlar idi. İstənilən halda biz ən qısa zamanda araşdırma aparıb, nəticələrini yaxın vaxtlarda ictimaiyyətə çatdıracağıq”.

Bu və digər elektron portallarda əvvəllər də nasazlıqlar olub. Amma, bir qayda olaraq, istifadəçilərin həddindən artıq axını səbəbindən “ağıllı” sistemlər təşkilatçıları uğursuzluğa düçar edirdi və üçüncü şəxslərin müdaxiləsi nəticəsində daha öncə də elektron ticarətinin nəticələri tamamilə ləğv edilmişdi.

Onların hamısı Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2 (kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə) maddələri ilə təqsirləndirilib. İstintaq təsdiqləyib ki, pul mükafatı müqabilində təcavüzkarlar güzəştli mənzillərin alınması üçün xüsusi proqram təminatı hazırlayıblar.

Elektron sistemin əsas məqsədi vətəndaşların müraciətlərinə baxılmasında şəffaflıq və operativliyi təmin etməklə, güzəştli ipoteka kreditorları üçün bərabər şəraitə nail olmaq, mənzillərin seçilməsi və alınması prosedurunun sadələşdirilməsidir. Amma məhz bu məqamlar çoxlu mübahisələrə səbəb olur.

Daha əvvəl bildirilib ki, güzəştli şərtlərlə mənzil alan digər vətəndaşlar da onu yüksək qiymətə təklif edərək qazanc əldə etməyə çalışırlar və belə məqamlar layihənin sosial mahiyyəti ilə bağlı suallar yaradır. Bundan əlavə, bir çox ehtiyacı olan insanlar, o cümlədən evsiz ailələr bu cür güzəştlərə uyğun olmadıqlarından, “güzəştli mənzil” sisteminin imkanlarında kənarda qalırlar.

Müəllif: Tanya Samsonova