Gəncədə aptekdə nöqsanlar aşkarlanıb

Xəbərlər

28.03.2023 - 17:22

Qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, Gəncə şəhəri, Atatürk prospekti, ev 237/7 ünvanında “Şəfa-Farm” firmasına məxsus aptekdə keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Yoxlama zamanı “SEL” MMC tərəfindən istehsal olunan “UM” və “Şəfa” əmtəə nişanlı bitki mənşəli çaytikanı yağının qablaşdırılmasında həqiqətə uyğun olmayan məlumatların göstərildiyi, məhsulun saxlanma müddətinin normativ sənəddə 12 ay göstərilməsinə baxmayaraq etiket məlumatında 3 il qeyd olunduğu, eyni zamanda məhsulun istifadə təlimatları haqqında məlumatların qeyd olunduğu içlik vərəqələri ilə təmin edilmədiyi məlum olub.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələrin nəticələrinə əsasən satışı həyata keçirilən bitki mənşəli yağın “çaytikanı” deyil, “günəbaxan” yağı olması müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, həmin bitki məhsulunun satışının dayandırılması ilə əlaqədar qərar qəbul edilib, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə