Gəlirlərimizlə bağlı təəccüblü məqam

İqtisadiyyat

30.12.2019 - 16:28

"Bu mənbədən gözlənilən gəlirlər 13,2 milyard manatdan 10,6 milyard manata endirilib"

 

Neft Fondunun 2020-ci il üzrə büdcəsi təsdiq edilib. Diqqəti çəkən məqam Fondun illik gəlirlərinin birdən-birə, təxminən 20% azalmasıdır.

 

İqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, azalmanın əsas səbəbi Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərin azalması (20,1%) ilə bağlıdır: "Bu mənbədən gözlənilən gəlirlər 13,2 milyard manatdan 10,6 milyard manata endirilib. Büdcədə neftin orta illik qiymətinin 60 dollardan 55 dollara salınması və gələn il hasilatın azalmasının proqnozlaşdırılması hökuməti karbohidrogenlərin satışından əldə edilən gəlirləri azaltmağa vadar edir. Burda əsas sual hasilatın nə qədər azalmasıdır. Belə çıxır ki, söhbət kəskin azalmadan gedir".

 

"Digər azalma Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərdə proqnozlaşdırılan azalma (28,5%) ilə bağlıdır. Burda maraqlı olan məqam isə Fondunun aktivlərinin 2019-cu ilin 9 ayında 10,4% artaraq 42,5 milyard dollara çatması fonunda həmin aktivlərdən əldə olunan gəlirlərin əksinə - kəskin azalmasıdır. Nəzərə alaq ki, gələn ilin sonuna aktivlərin həcmi daha da artacaq. Belə vəziyyətdə gəlirlərin bu həcmdə azalması təəccüb yaradır", - ekspert qeyd edib.

Müəllif: Ayna.az