nə təsdiq olunur, nə də təkzib"/>

"Qonşunun geri qaytardığı öldürücü məhsulu özümüzə yedirəcəklər" ittihamı <font color=red> nə təsdiq olunur, nə də təkzib</font>

İqtisadiyyat

12.07.2019 - 16:43

“Azərbaycanda yeni sturkturlar yaradılsa da, struktur dəyişiklikləri olsa da, kard dəyişikliyi edilsə də, ümumi siyasət dəyişmir"

 

Rusiya Azərbaycanın 118 tonluq kənd təsərrüfatı məhsulunu Dağıstandan geri qaytarıb. Ötən həftə də 119 ton pomidor, 108 ton təzə gilas geri qaytarılmışdı. Səbəb olaraq isə ixrac olunan meyvə-tərəvəzin tərkibində ziyanvericilər olduğu göstərilir. Qeyd edək ki, ölkədən ixrac olunan məhsullara Qida Təhlükəsizliyi Agentiliyi (QTA) tərəfindən uyğunluq sertifikatı verilir.

 

Xeyli miqdarda ixrac məhsullarının ölkəyə geri qaytarılması artıq bir neçə məsələni aktuallaşdırır. İlk olaraq belə təəsürat yaranır ki, QTA-nın fəaliyyətində boşluqlar var, yəni qurum uyğun olmayan məhsullara da uyğunluq sertifikatı verir.

 

İkinci narahat doğuran məqam ondan ibarətdir ki, geri qaytarılan məhsullar məhv edilməyəcək və daxili bazarlara yol açacaq. Çünki bazarlarda meyvə-tərəvəzin qiymətinin kəllə-çarxa çıxmasının bir səbəbi kimi də kənd təsərrüfatı məhsullarının xarici bazarlara daşınması göstərilir. Qiymətlərin ucuzlaşması üçün isə daxili bazarda bolluq yaratmaq lazımdır və bu, geri qaytarılmış məhsulların hesabına tənzimlənəcək. Bununla da bazarlarımızda insanların sağlamlığına təhlükəli məhsullar satılacaq.

 

Məsələnin digər tərəfi onunla bağlıdır ki, ixrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılmasına siyasi don geyindirənlər də var. Bəziləri bunu Rusiyanın Azərbaycana qarşı mədəni sanksiyasi kimi dəyərləndirir. 

 

Cəmiyyət üçün aktual olan bu məsələ ilə bağlı yaranmış suallara AYNA tutmağa çalışdıq. Əvvəlcə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikirlərini öyrəndik. Ekspert bildirdi ki, bu, birinci hal deyil: "Demək olar ki, hər həftə bir yük maşını dolusu meyvə və ya tərəvəz tərkibində xəstəliktörədici, zərərverici olduğu üçün ölkəyə geri qaytarılır".

vahid-meherremov

V.Məhərrəmovun sözlərinə görə, bu ziyanvericilər Azərbaycana, əsasən digər ölkələrdən gətirilir: “Azərbaycandan fərqli olaraq Rusiya öz sərhədini çox ciddi qoruyur. Bizdə həyəcan təbili çalınsa da, hökumət buna ciddi fikir vermədi, uzun müddət sərhəd ciddi qorunmadı. Artıq ölkədə elə karantin obyektləri peyda olub ki, onların kökünü kəsmək mümkün olmayacaq. Bu da fermerlərə həmişə problem yaradacaq, məhsuldarlığı aşağı salacaq, məhsulun əmtəə görünüşünü korlayacaq”.

 

Ekspert bunun Rusiyanın Azərbaycana qarşı sanksiyası kimi dəyərləndirilməsinə də münasibət bildirdi: “Azərbaycan hökumətinin Rusiya hökuməti ilə münasibətləri çox istidir. Dövlətlər arasında heç bir problem yoxdur. Burada problem ancaq məhsulun keyfiyyəti ilə bağlıdır”.

 

Müsahibimiz vurğuladı ki, belə məhsulların daxili bazarda yer almaması üçün müəyyən tədbirlər həyata keçirilməlidir: “Təəssüflər olsun ki, biz bunun şahidi olmuruq. Ölkəyə geri qaytarılan məhsullar demonstrativ olaraq maşınlardan boşaldılmalı və zərərsizləşdirilməliydi. Bu, həm məhsulu əkən fermerə, həm də ixracı ilə məşğul olan sahibkara dərs olardı. Həmçinin istehlakçılar da görərdilər ki, hökumət daxili bazarı ciddi nəzarətdə saxlayır”.

 

Kənd təsərrüfatı üzrə ekspert həmin məhsulların insan orqanizminə zərərli olmaması ilə bağlı deyilənlərə də aydınlıq gətirdi: “Bəzi “mütəxəssislər” belə rəy formalaşdırırlar ki, guya həmin zərərvericilərin insan orqanizminə hər hansı bir zərəri yoxdur, ona görə də həmin məhsullar bazarda satıla bilər. Bu, yanlış fikirdir. Hər hansı bir məhsulun tərkibindəki zərərverici özünü qorumaq üçün toksik maddələr ifraz edir. Həmin toksik maddələr də insan orqanizmi üçün ziyanlıdır. O anda fəsad baş verməsə də, sonradan müəyyən xəstəliklərlə nəticələnir”.

 

“Son vaxtlar Azərbaycanda, xüsusən onkoloji xəstəliklərə tutulanların və ölənlərin sayının artması da bununla bağlıdır. Azərbaycan əhalisi keyfiyyətsiz qidalanır, tərkibində zərərvericilər olan məhsullar bazara ayaq açır, istehlakçılar isə bundan xəbərsizdirlər. Həmçinin, seçim yoxdur deyə, istehlakçı həmin zay məhsulları almaq məcburiyyətindədir”, – deyə ekspert qeyd etdi.

 

Həmsöhbətimiz tərkibində zərərverici maddələr olan məhsullara uyğunluq sertifikatı verilməsinə də münasibət bildirdi: “Azərbaycanda yeni sturkturlar yaradılsa da, struktur dəyişiklikləri olsa da, kard dəyişikliyi edilsə də, ümumi siyasət dəyişmir. Bu məsələdə ya nəzarət kifayət qədər güclü olmayıb, ya da sahibkarla “iş birliyinə" gediblər. Ona görə də göz yumaraq məhsula uyğunluq sertifikatı veriblər”.

 

“Digər bir səbəb də bu işdə cəzasızlıq mexanizminin olmasıdır. Hər ay təkrar-təkrar belə hallar baş versə də, heç kim cəzalandırılmır. Cəzasızlıq olan yerdə belə cinayətlər də davam edəcək”, – deyə V.Məhərrəmov əlavə etdi.

 

Qida Təhülkəsizliyi Agentliyi isə, ümumiyyətlə Rusiyadan pomidor məhsullarımızın geri qaytarılmadığını bəyan edir. Agentliyin İnformasiya təminatı şöbəsinin müdiri Mansur Piriyev AYNA-nı ciddi cəhdlə inandırmağa çalışdı ki, bu barədə yayılmış məlumatlar əsassızdır: “İndiyədək bu barədə yayılmış xəbərlərin heç biri öz əsasını tapmadı. Heç bir rəsmi qurum bununla bağlı məlumatı təsdiq etmədi”.

Mansur Piriyev yeni vəzifəyə təyin edildi

M.Piriyev üstəlik bizə jurnalistika “dərsi” keçməyə də cəhd etdi: “Belə bir hadisə olmayıb. Məsləhət görürəm ki, ölkəyə geri qaytarılmış məhsulla bağlı məlumatı Dövlət Gömrük Komitəsi ilə dəqiqləşdirəsiniz. Ölkədən ixrac olunan və ya geri qaytarılan məhsulla bağlı ən doğru və rəsmi məlumatı ordan ala bilərsiniz. Əgər Dövlət Gömrük Komitəsi faktı təsdiq etsə, ondan sonra bizə zəng edə bilərsiniz. Belə halda bizdən açıqlama almağınız doğru deyil”.

 

M.Piriyev bir məsələni nəzərə almamışdı ki, QTA-dan qabaq Dövlət Gömrük Komitəsi (DGK) ilə əlaqə saxlamışdıq. Lakin Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov yayılmış məlumatı nə təkzib, nə də təsdiq etmişdi.

 

Məsələnin təfərrüatı ilə bağlı kənd təssərrüfatı üzrə ekspert Vahid Məhərrəmovla danışdığımızı öyrənən N.Axundov dəqiq məlumat verə bilmək üçün bizdən 5 dəqiqə zaman istəmişdi: “Mən məsələni dəqiqləşdirim, görüm, ölkədən ixrac olunan meyvə-tərəvəz geri qaytarılıbmı. Ondan sonra sizə məlumat verəcəyəm”.

Картинки по запросу Natiq Axundov

Təəssüflər olsun ki, həmin 5 dəqiqə, təxminən sutka yarıma qədər uzansa və həmin müddətdə dəfələrlə yenidən əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Natiq Axundov atlı oldu, biz piyada. Komitənin sözçüsü nə telefon zənglərimizə cavab verdi, nə də mesajlarımıza. Baxmayaraq ki, sualımızı dəqiqləşdirmək üçün 5 dəqiqə belə çox idi.

 

Yəqin ki, bundan sonra oxucularımıza əlavə şərh verməyə ehtiyac yoxdur. Bizim işimiz burada yekunlaşır, təbbi ki, müvəqqəti olaraq. Hansı qurumun, həmçinin kimin fikirlərini həqiqət olaraq qəbul etməyi isə öz ixtiyarınıza buraxırıq...

Müəllif: Rumiyyə Miraslan