Asan olmayacaq, lakin başqa alternativ yoxdur

İqtisadiyyat

29.10.2019 - 10:15

Ölkə qısa müddət ərzində iqtisadi artım və inkişaf üçün böyük potensiala malikdir

 

Ötən həftə Azərbaycan Prezidenti bir sıra vacib siyasi və iqtisadi qərarlar qəbul etdi. Düşünürəm ki, söhbətin nədən getdiyini oxucularımız yaxşı başa düşüblər. Təbii ki, kadr dəyişiklikləri, dövlət strukturlarının optimallaşdırılması və sair kimi addımlar, bəlkə də 2019-cu ilin ən yaddaqalan hadisələri oldu.

 

Azərbaycan Prezidentinin 15 oktyabrdakı çıxışından sonra aydın oldu ki, daxili siyasi proseslərin nəticəsi ilə bağlı qərar yaxın zamanda veriləcək, amma heç kim hər şeyin bu qədər tez baş verəcəyini və ən gözlənilməz formada olacağını zənn etmirdi. Onsuz da bazarertəsi Baş Nazirin iki müavini təqaüdə göndərildi. Nə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənov, nə də Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov sıradan məmurlar olublar. Onlar əhalinin müəyyən təbəqələri üzərində təsir və gücə sahib idilər.

 

Onlarla vida görüşündə ən yaddaqalan məqam Prezidentin açıqlaması idi: “Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçib və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər”.

 

Ox yayından çıxdı. Prezident bütün qalan kadrlara yeni insanlara yol vermək vaxtının gəlib çatdığını açıqladı.

 

Artıq səhər saatlarında, ölkə rəhbərinin bu açıqlamasından sonra bütün KİV və ictimaiyyət yeni təyinatlar və vəzifədən gedənləri gözləyirdi. Əlbəttə, ətrafında daha çox sullar gəzən, ən təsirli şəxs Ramiz Mehdiyev idi. Azərbaycan tarixinə töhfə verən bir dövrün mühüm şəxsiyyəti olaraq ilk onu düşünürdülər. Əlbəttə ki, bu tezisə başqa cür yanaşmaq olar, amma heç kim ən çətin dövrlərdən birində onun Azərbaycan tarixindəki roluna etiraz edə bilməz.

Nicat Hacıyev