Fazil Mustafa iki ay fasilədən sonra Milli Məclisə gəlib - Deputat çıxış etdi

Xəbərlər

30.05.2023 - 12:36

Deputat: “Bu kimi hadisələr dövlətimizi, bizi qorxutmaq gücündə deyil”

Martın 28-də sui-qəsdə məruz qalan deputat Fazil Mustafa iki aylıq fasilədən sonra bu gün Milli Məclisin plenar iclasına qatılıb. AYNA xatırladır ki, millət vəkili səhhətindəki problemlərlə əlaqədar iki aydır Milli Məclisin komitə və plenar iclaslarında iştirak edə bilmirdi. Deputatın səhhəti normallaşıb.  

Millət vəkili iclasda söz alaraq çıxış edib: “Şəxsimə qarşı törədilmiş terror aktına dərhal həssaslıqla yanaşan ölkə Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürümü bildirirəm. Eyni zamanda, Sahibə xanımın başçılığı ilə deputat həmkarlarıma da tez bir zamanda adekvat addımlar atdıqlarına görə minnətdarlığımı bildirirəm”.

“Bu kimi hadisələr dövlətimizi, bizi qorxutmaq gücündə deyil. Hüquq-mühafizə orqanlarının atdığı addımlarla bir daha bildirildi ki, Azərbaycan dövlətinə qarşı heç kim bu dillə danışa bilməz", - deputat vurğulayıb.

Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

 

Müəllif: Ayna.az