Bakıda “Neoklassika dünyası”

Mədəniyyət

08.01.2024 - 04:56

“RED EVENTS & Distribution ltd” kreativ agentliyi konsert təşkil edib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Neoklassika dünyası” adlı konsert keçirilib. AYNA xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycanda, eləcə də bütün Avropada, Böyük Britaniyada və Rusiyada qədim malikanələrdə şam işığında, damlarda, oranjereyalarda, planetarilərdə və digər yerlərdə unikal mədəni ab-hava yaradan “RED EVENTS & Distribution ltd” kreativ agentliyidir.

Tamaşaçılar gecədə memarlığın, musiqinin və yüzlərlə şamın sinerjisini hiss ediblər. İstedadlı pianoçu Nigar Əsədullayevanın ifasında sehrli atmosferdə “Neoklassika dünyası” adlı maraqlı proqram təqdim olunub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinin müəllimi Nigar Əsədullayeva konsert proqramı çərçivəsində Lüdoviko Eynaudi, Hans Simmer, Maks Rixter və Olafur Arnalds kimi neoklassika ustadlarının fortepiano əsərlərini, eləcə də Enyanın kelt musiqisini ifa edib. Proqrama “May it Be”, “Only Time”, “Karib dənizinin quldurları” filmindən saundtreklər, məşhur “Una matına”, “Songs for Tony” və hazırda neoklassika sırasına daxil olan digər kompozisiyalar daxil idi.

Müəllif: Ayna.az