Qardaşların qohumları ilə birlikdə evlərdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub
Binə qəsəbəsində 11 evdən oğurluq edilib. Hadisəni törətməkdə şübhəli bilinən qardaşlar saxlanılıblar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Binə qəsəbəsində 11 evdən oğurluq edən dəstə üzvləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.
Əməliyyat nəticəsində həmin qəsəbədə yaşayan Yunsur Rəhimov, qardaşı Ələsgər və qohumları yetkinlik yaşına çatmayan daha bir nəfər tutulub. Bu şəxslərin evlərdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub. Araşdırma zamanı dəstə üzvlərinin Sabunçu və Suraxanı rayonunda da mənzillərdən oğurluqlar etdikləri müəyyən edilib. Onlar əldə etdikləri əşyaları isə Sabunçu qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində satıblar.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam etdirilir.