Vaqinak Kazaryan vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur
Ermənistanda həbs edilən rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Tashir Pizza” pizzaçılar şəbəkəsinin direktoru Vaqinak Kazaryan barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. AYNA.AZ xəbər verir ki, bu barədə TASS-a vəziyyətlə tanış olan mənbə bildirib.
““Tashir Pizza” pizzaçılar şəbəkəsinin direktoru bir ay müddətinə həbs edilib. O vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur", - agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, Samvel Karapetyan iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və hakimiyyəti ələ keçirməyə açıq çağırışlar ittihamı ilə iki ay müddətinə həbs edilib. İş adamı günahını etiraf etmir. Bundan sonra Karapetyanın biznesi ilə bağlı yoxlamalar başlayıb, İrəvanda və ölkənin regionlarında “Tashir Pizza” MMC-nin bir sıra pizzaxanaları bağlanıb. Bundan başqa, Ermənistan hakimiyyəti Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi prosesinə başlayıb.