Azərbaycanın XİN rəhbəri Ermənistana öz öhdəliklərinə ciddi yanaşmasına dair çağırış edib
“Bu gün biz olduqca məhsuldar görüş keçirdik. Bu il Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. İlin yekunlarına dair geniş spektrli, çoxşaxəli söhbətlər etdik. Ölkələrimiz arasında imzalanan sənədlər yüksək səviyyədə tərtib edilib və üzümüzə gələn il bir sıra sənədlərin reallaşdırılmasının şahidi olacağıq”. AYNA APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
C.Bayramov qeyd edib ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün danışıqların üçüncü raundu keçirilməli idi: “Bu gün həmçinin Şimal-Cənub layihəsi barədə söhbətlər apardıq. Hansı ki, bir sıra komponentlərden ibarətdir. Bura ilk növbədə nəqliyyat və dəmir yolu daxildir. Eyni zamanda, bu gün biz bu layihənin imkanlarının genişləndirilməsi, elektrik enerjisinin ötürülməsi və humanitar mövzularda söhbətlər apardıq”.
“Laçın yolunun blokadası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Dinc etiraz aksiyası keçirən ekofəallar öz tələblərini dəqiqliklə ifadə ediblər. Belə ki, onlar ekoloji terrora qarşı olduqlarını bəyan ediblər. Təcili tibbi yardım maşınları, Rusiya sülhməramlı kontingentinin konvoyu, BQXK-nini avtonəqliyyat vasitələri Laçın-Xankəndi yolundan maneəsiz hərəkət edir”, - XİN rəhbəri əlavə edib.
“Biz demək olar ki, ən son məqamda danışıqların üçüncü raundunun baş tutmayacağından xəbər tutduq. Xatırladım ki, danışıqların ilk raundu oktyabr ayında Cenevrədə, ikinci raund isə noyabrda Vaşinqtonda baş tutub və üçüncü raundun Moskvada keçiriməsi planlaşdırılırdı”, - deyən C.Bayramov qeyd edib ki, Ermənistan tərəfi Moskvada planlaşdırılan görüşdən az əvvəl Bakıya yeni təkliflər paketi təqdim edib: “Amma biz Ermənistana bir ay bundan öncə təkliflər göndərmişdik. Ermənistan tərəfi təklifləri təqdim etdikdən sonra bəyan etdi ki, guya Azərbaycan görüşdən imtina edir və bununla da dezinformasiya yayaraq yanlış ictimai fikir yaratmağa çalışdı”.
Azərbaycanın XİN rəhbəri Ermənistana öz öhdəliklərinə ciddi yanaşmasına dair çağırış da edib.