Fevralın 1-dən 9-dək Azərbaycanın Tərtər çayı boyunca Kəlbəcər meşələrində təlimlərin keçirilməsi planlaşdırılır
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində könüllü hərbi birləşmələr, kəşfiyyat-diversiya qrupları yaradır. AYNA bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, keçmiş meşəbəyi Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı dəstələrin tərkibinə oğlanlarla yanaşı qızlar da qoşulub. "Onlar ən ekstremal şəraitlərə dözür, kəşfiyyat fəaliyyəti kimi vərdişlərə yiyələnirlər", - deyə erməni mətbuatı yazır.
Bildirilir ki, könüllü yaraqlılara təlim keçənlər keçmiş SSRİ-nin təcrübəli döyüşçüləri və Ermənistan xüsusi təyinatlılarının sabiq əməkdaşlarıdır. Həmin birləşmələr tərəfindən, gələn il fevralın 1-dən 9-dək Azərbaycanın Tərtər çayı boyunca, Kəlbəcər meşələrində təlimlərin keçirilməsi planlaşdırılır. Yerli və diaspor erməniləri təlimlərə maliyyə dəstəyi ayırırlar.
Sosial şəbəkələrdə təlimlərə hazırlığı əks etdirən videolar paylaşılır. Təlim videolarının sonuncusunda ABŞ-ın Nyu-York ştatında yaşayan, 27 yaşlı riyaziyyat müəllimi Vartanın müsahibəsi də yayımlanıb. O, könüllülərə təmənnasız təlim keçdiyini bildirir.