Viyanada təhsil alan gənc azərbaycanlı dirijor
Xarici ölkələrdə yaşayan gənclərimizin qazandığı uğurlar Azərbaycan xalqının tanınmasında mühüm rol oynayır. Belə insanların hər biri xalqımızın mənəvi kapitalıdır. Haqqında söhbət açmaq istədiyim Abuzər Manafzadə də onlardan biridir.
O, 1990-cı ildə Bakı şəhərində dünyaya gəlib. 4-cü sinifədək Xırdalanda 4 nömrəli orta məktəbdə oxuyub. Eyni zamanda musiqi məktəbində fortepianodan dərs alıb. Orta təhsilini Türkiyənin İstanbul şəhərində Mimar Sinan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən liseydə başa vuraraq, 2007-2012-ci illərdə həmin konservatoriyanın fortepiano fakültəsinin bakalavr pilləsində oxuyub və eyni zamanda bəstəkarlıq təhsili alıb.
Sonra bir il yarım həmin konservatoriyanın dirijorluq fakültəsində təhsilini davam etdirib. 2017-ci ildə Viyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsinə ilk azərbaycanlı kimi qəbul olunub. Hazırda Viyanada dirijorluq, Linz şəhəri Anton Brukner Universitetində isə piano üzrə magistratura təhsili alır. İndiyədək xeyli mükafata layiq görülüb. Beynəlxalq müsabiqələr laureatıdır.
Atası pianoçu və dirijor, Əməkdar artist İslam Manafov Bakı Musiqi Akademiyasının dosentidir. Anası Şükufə xanım Manafova piano müəllimi kimi çalışır. Bacısı Əməkdar artist Turan Manafzadə pianoçu, bəstəkar və dirijordur. Ömür-gün yoldaşı Karen xanım isə Almaniya vətəndaşıdır. O da gənc musiqiçidir.
Abuzər deyir ki, “Bir musiqiçi kimi xaricdə yaşamaq çox maraqlıdır. Adam özündə böyük məsuliyyət hiss edir. Dünya səhnələrində musiqi mədəniyyətimizi layiqincə tərənnüm etməyə çalışırsan. Qazanılan hər bir uğur insana xüsusi zövq verir”.
Mütaliəni xoşlayır. Kosmosla bağlı yenilikləri izləyir. Dənizdə üzməkdən ləzzət alır. İndiyədək Xəzər, Aralıq, Egey, Mərmərə, Adreatik, Qara dənizlərində üzdüyünü dilə gətirib, dünyada olan bütün dənizlərdə üzməyini arzulayır.
İstedadlı ifaçı olduğu kimi həm də gözəl bəstəkardır. İlk dəfə balaban və simfonik orkestr üçün konserti oyazıb. ABŞ-ın Kaliforniya ştatında baş tutan bu konsert amerikalılar tərəfindən hərarətlə qarşılanıb. Arzusu Avropa, Amerika səhnələrində Azərbaycan musiqisini təbliğ etmək, vətənimizi əcnəbilərə sevdirməkdən ibarətdir. Nyu York, Viyana, Berlin filarmoniyalarında dirijorluq etmək isə onun ən böyük arzusudur.
Abuzər Manafzadənin hələ 29 yaşı var. Qarşıda onu uğurlu gələcək gözləyir. İnanırıq ki, vətən eşqiylə yaşayıb yaradan bu istedadlı soydaşımızın şöhrəti tezliklə bütün dünyanı dolaşacaq...
Elman Eldaroğlu