Elvis Preslinin sonuncu avtomobili hərraca çıxarılıb

Maraqlı

03.11.2024 - 16:42

Həkimlər Klinikalar SEO Xidməti

“Cadillac Seville”nin kuzovunda cızıqlar, zədələr və paslar var

1977-ci il istehsalı olan, “Fisher” kuzovlu “Cadillac Seville” avtomobili hərraca çıxarılır. İddia olunur ki, bu, məşhur müğənni Elvis Preslinin təkcə özü üçün aldığı son avtomobil deyil, həm də sürdüyü son avtomobildir. İlkin qiymət bilinmir, lakin hərrac evi sedanın yaxşı vəziyyətdə olmadığını xüsusi olaraq qeyd edir. AYNA xəbər verir ki, bu  barədə “Auto.ru” yazıb.

Avtomobilin hazırkı sahibi iddia edir ki, maşın tam sənədləşdirilib və onun “Rok-n-Roll” kralına məxsus olması ilə bağlı bütün zəruri sübutlar - həm sənədlər, həm də fotoşəkillər var.

Elvisin ölümündən sonra sedan 1982-ci ildə nişanlısı Ginger Aldenə verilib. Bundan sonra “Cadillac”ın bir neçə sahibi olub və 2014-cü ildən indiki sahibinə məxsusdur. Son 10 ildə o, avtomobil muzeylərindən birində nümayiş etdirilib və bu müddət ərzində təxminən 6 km yol qət edib.

Hərrac evi qeyd edir ki, sedanın kuzovunda cızıqlar, zədələr və paslar var. Salonda köhnəlmə izləri var, səbəb isə uzun illərdir işlədilməməsidir. Avtomobili işlək vəziyyətə gətirmək üçün müəyyən sərmayə tələb olunacaq. Eyni zamanda, hərracçılar iddia edirlər ki, köhnəlmə avtomobilin məşhur müğənni tərəfindən fəal şəkildə istifadə olunmasının birbaşa sübutu sayıla bilər. “Seville”nin ümumi yürüşü 93.000 km-dən çoxdur.

Elvis Preslinin 200-ə yaxın “Cadillac” avtomobili aldığı, əksəriyyətinin dostlarına və ya qohumlarına hədiyyə edildiyi bildirilir. 2022-ci ilin əvvəlində onlardan biri hərraca çıxarıldı - 1974-cü il istehsalı olan “Cadillac Fleetwood”. Hərracda maksimal təklif 77 min avro (təxminən 142 min 388 manat - red.) olub.

Elvis Preslinin sonuncu avtomobili hərraca çıxarılıb
Müəllif: Ayna.az