“Düşmən qapıdadır” - Kuba qarışıqlıq içində

Dünya

21.03.2026 - 11:03

Tramp nəyə nail olmağa çalışır və o, yeni hərbi əməliyyata başlaya bilərmi?

16 martda ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İrana qarşı əməliyyatlar bitdikdən sonra Vaşinqton "Kubanın qayğısına qalacaq". Tramp ada ölkəsini birbaşa təhdid edərək deyib: “Kuba razılaşma istəyir və düşünürəm ki, ya tezliklə razılaşma əldə edəcəyik, ya da etməli olduğumuzu edəcəyik. Kubaya tezliklə nəsə olacaq".

Bu arada, “Bloomberg” mənbələrə istinadən yazıb ki, Tramp administrasiyası Kubaya təzyiq göstərmək üçün bir neçə variantı nəzərdən keçirir. Bu variantlar içərisində ada dövlətinin Vaşinqtondan iqtisadi asılılığını artırmaq və ölkə rəhbərliyini dəyişdirmək var. Lider dəyişikliyi üçün Amerika administrasiyası ABŞ-ın əvvəllər Venesuelaya qarşı istifadə etdiyi ssenaridən istifadə edə bilər. Xüsusilə, Vaşinqton Kuba Prezidenti Miguel Dias-Canelin devrilməsini təmin etmək istəyir və bildirilir ki, artıq Kubanın keçmiş Prezidenti Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro ilə danışıqlar aparıb. İki tərəfin sanksiyaların qaldırılması və bir neçə Kuba liderinin siyasətdən getməsi perspektivlərini müzakirə etdiyi güman edilir.

Politoloq və “Dubravsky Consulting” agentliyinin rəhbəri Pavel Dubravski “Lenta.ru”ya verdiyi müsahibədə qeyd edib ki, Tramp bir neçə səbəbdən Kubaya nəzarəti ələ keçirmək istəyir: “Coğrafi baxımdan Kuba Karib dənizinin əsas nöqtəsində yerləşir: Meksika körfəzinə və Panama kanalına gedən yollara nəzarət edir. Kubanın Quantanamo körfəzindəki ABŞ hərbi bazası, qanunsuz immiqrasiyaya qarşı mübarizə də daxil olmaqla, Amerika hərbi gücünün nümayişinə kömək edir. Bu, həmçinin simvolik olaraq Latın Amerikasında Amerikanın mövcudluğunu xatırlatmaq üçün xidmət edir. İdeoloji cəhətdən Kuba özünü Qərb yarımkürəsində anti-Amerika sosialist layihəsinin dayağı kimi təqdim edir ki, bu da Respublikaçılar Partiyasını və ABŞ-da yaşayan Kuba diasporunu məmnun etmir”.

Rusiya Elmlər Akademiyasının Latın Amerikası İnstitutunun baş elmi işçisi Maqomed Kodzoyev isə bildirib ki, Tramp Kubaya qarşı hərbi əməliyyatlara başlamaq qərarına gələrsə, ABŞ xoşagəlməz nəticələrlə üzləşə bilər: “Trampın komandasında, ehtimal ki, Kubanın Venesuela olmadığını başa düşən insanlar var. Florida sahillərindəki həmin ölkədə humanitar böhran baş verərsə, bu, ABŞ-ın özü üçün daha yaxın və daha dəhşətli olacaq”.

Kodzoyevin sözlərinə görə, hərbi eskalasiya riskləri yüksəkdir, lakin Tramp mümkün nəticələrə görə Kubaya təzyiq göstərməyin digər yollarını sınayacaq.

“ABŞ, xüsusən də İran münaqişəsi ilə məşğul olduğu üçün alternativ axtarır. Lakin Tramp orada məğlub olarsa, Kubaya qarşı tam gücü ilə mübarizə apara bilər. Xoşagəlməz nəticələr bahasına olsa belə, onun özünü qalib hiss etməsi vacibdir”, Kodzoyev əlavə edib.

Kodzoyevin deyib ki, Trampın ideal variantı Kubada rejim dəyişikliyinə səbəb ola biləcək daxili iğtişaşlar yaratmaq olardı: ““Soyuq müharibə”dən bəri hər ABŞ Prezidentinin bir məqsədi olub: Kubada daxili dəyişikliklərə səbəb olmaq. Buna necə nail olmaq barədə daha çox fikir ayrılıqları yaranır. Tramp iğtişaşları qızışdırmaq üçün şok terapiyasına güvənir”.

Xatırladaq ki, ABŞ-ın neft embarqosu fonunda 10 martda Kubanın Havana şəhərində istilik elektrik stansiyasındakı nasazlıq səbəbindən elektrik kəsilməsi baş verib. Kuba enerji rəsmiləri bir nəşrə deyiblər ki, Ernesto Guevara De La Serna İstilik Elektrik Stansiyasının 2 nömrəli bloku turbin idarəetmə sistemindəki nasazlıq səbəbindən sıradan çıxıb. Enerji böhranı fonunda adada iğtişaşlar baş verib. 15 martda etirazçılar Morondakı Kommunist Partiyasının ofisini talan ediblər. Nümayiş zamanı beş nəfər həbs olunub. Hakimiyyət orqanları həmçinin vandalizm aktları və hüquq-mühafizə orqanlarına qarşı silah kimi daşlardan istifadə edildiyini bildiriblər.

Kodzoyev xatırladıb ki, Kuba hakimiyyəti artıq 2021-ci ildə genişmiqyaslı etirazlarla üzləşib və oxşar ssenariyə hazırlaşır: “Bundan əlavə, ABŞ-ın birbaşa təzyiqi əks təsir göstərə bilər. Əvvəlki etirazlar zamanı, 2021-ci ildə, heç bir xarici düşmən və ya "mühasirəyə alınmış qala" effekti yox idi. Kubalılar elektrik kəsilməsinin səbəb və nəticəsini bir yerə toplaya və indi onları "qapıda düşmən"in gözlədiyini başa düşə bilərlər”.

Tədqiqatçı vurğulayıb ki, "indi vətənpərvər əhalinin böyük bir hissəsinin ABŞ siyasətinə qarşı çıxmaq üçün əlavə motivasiyası var. Trampın hərəkətləri sadəcə ada sakinlərinə iqtisadi çətinliklərinin ABŞ sanksiyaları rejiminin nəticəsi olduğunu xatırladır".

Vaşinqton və Havana arasında artan gərginliyə baxmayaraq, Kodzoyev Trampı qane edə biləcək bir razılaşmaya çatmağın yollarını göstərib. Politoloq qeyd edib ki, "bir kəsişmə nöqtəsi var - iqtisadiyyat. Əgər Kuba hakimiyyəti iqtisadiyyatı liberallaşdırmaq və strateji əhəmiyyətli aktivləri Amerika kapitalına köçürmək qərarına gələrsə, ABŞ təkpartiyalı kommunist sisteminin mövcudluğu ilə razılaşa bilər".

“Bundan əlavə, sərhəd təhlükəsizliyi məsələləri də mühüm rol oynayır. Trampın qanunsuz immiqrasiya məsələsinə xüsusi münasibəti var. Və münasibətlərdəki böhranlara baxmayaraq, ABŞ və Kuba təhlükəsizlik agentlikləri arasında həmişə ünsiyyət kanalı olub”, Kodzoyev vurğulayıb.

Ekspert xüsusilə, 26 fevralda ABŞ bayrağı altında üzən gəminin Kubanın ərazi sularına qanunsuz daxil olaraq atəş açması hadisəsini xatırladıb: “Vaşinqton dərhal toqquşmada hər hansı bir iştirakını təkzib etdi və Havana ilə hadisəni araşdırmaq üçün FTB mütəxəssislərini göndərmək barədə razılığa gəldi. Bu araşdırmaya əsasən, əlaqələr qurula, müəyyən qarşılıqlı etimad yarana bilər ki, bu da sonradan problemlərin konstruktiv həllinə gətirib çıxara bilər. Buna görə də, ABŞ-ın təhdidlərinə baxmayaraq, danışıqlarda uğur qazanmaq şansı qalır”.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş