Dünya siyasətində COVID-19 dərsi: Hər şey əvvəlki kimi olacaqmı?

Siyasət

04.05.2020 - 15:09

Həkimlər Klinikalar SEO Xidməti

İlqar Vəlizadə: “Beynəlxalq ticarətdə, hərbi-siyasi proseslərdə dəyişikliklər baş verəcək, amma birdən-birə deyil”

 

Koronavirus dünyadakı siyasi proseslərə də ciddi təsirlər buraxdı. Belə ki, pandemiya başlayan kimi bütün dövlətlər bir-birilərinin üzünə qapılarını bağladı. Hətta, Avropa İttifaqının (Aİ) əsas üzv ölkələrindən olan İtaliya və İspaniya kimi ölkələr, çətin vəziyyətə düşmələrinə rəğmən, İttifaqı onlara dəstək göstərməməkdə ittiham etdi. ABŞ da müttəfiq adlandırdığı ölkələrlə bütün əlaqələri kəsdi.

 

Bütün bu proseslərin fonunda beynəlxalq siyasi münasibətlərdə yeni mərhələ başlaya bilərmi? Eləcə də, dövlətlər ittifaqı modelinin əhəmiyyətini itirməsi mümkündürmü?

 

Mövzunu AYNA-ya şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, dünya siyasətinin formalaşması uzun illər nəticəsində olub və prinsip etibarı ilə heç nə dəyişməyib: “Dünya ölkələrinin uzunmüddətli planları strateji nöqteyi-nəzərdən dəyişməyib və maraqlar olduğu kimi qalır. Sadəcə olaraq, indi vasitələr dəyişməyə başlayıb. Bu isə təkcə pandemiya ilə bağlı olmasa da, pandemiyanın da müəyyən qədər təsirləri olub. Məsələn, ötən onilliklər ərzində ölkələr arasında sərhədlər şərti xarakter daşıyıb. Lakin sərhədlərin funksiyaları dəyişdikcə siyasi amillər və siyasi alətlər dəyişib, dəyişilməkdə də davam edir. Amma düşünmürəm ki, bu, uzunmüddətli olsun. Sadəcə postpandemiya dövründə nələr baş verəcəyini izləmək lazımdır. Əsaslı götürəndə isə dünya siyasətində mahiyyət etibarı ilə prinsipial dəyişikliklərin başladığını görmək olur”.

Mərahim Nəsib