Fondun ümumi aktivlərinin həcminin 99,3 faizini xarici valyutalar üzrə vasaitlər təşkil edib
2020-ci ilin əvvəlinə nisbətən Dövlət Neft Fondunun vəsaitləri 0,08 faiz, təxminən, 35 milyon ABŞ dolları həcmində azalıb. Fonddan AYNA-ya verilən məlumata əsasən, ARDNF-nin 2020-ci ilin sentyabr ayına olan vəsaitlərinin həcmi 43 milyard 288,6 milyon ABŞ dollarını təşkil edib.
Aktivlərin azalmasına səbəb koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə fondun büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olub.
Fondun ümumi aktivlərinin həcminin 99,3 faizini xarici valyutalar üzrə vasaitlər təşkil edib. Belə ki, xarici valyutalar üzrə vəsaitlərin 68,4 fazini ABŞ dolları, 20,5 faizini avro, 5,1 faizini ingilis funt sterlinqi, 0,6 faizini Avstraliya dolları, 0,6 faizi türk lirəsi, 0,5 faizi Rusiya rublu, 1,2 faizni Çin yuanı, 1,5 faizi yapon yeni, 1,6 fazini digər valyutalar olub.
Cəmi aktivlərin 293,03 milyonunu Azərbaycan manatı təşkil edib. Fondun müxtəlif aktivlər üzrə investisiya portfelinin 65,2 faizini istiqrazlar və pul bazarı alətləri, 14,4 faizini səhmlər, 6 faizini daşınmaz əmlak, 14,4 faizini qızıl (101,8 ton) təşkil edib.
Eləcə də, istiqrazlar və pul bazarı alətləri portfelinin 33,2 faizi 0-1 il, 33,9 faizi 1-3 il, 20,8 faizi 3-5 il, 12,1 faizi 5 ildən artıq müddəti əhatə edir.
Fondun investisiya portfelinin coğrafi regionlar üzrə bölgüsünə əsasən, investisiyaların 35,53 faizi Asiya və Sakit Okean, 29,37 faizi Avropa, 26,62 faizi Şimali Amerika, 1,05 faizi Yaxın Şərq, 1,09 faizi Avstraliya və Yeni Zelandiya, 0,04 faizi Cənubi Amerika üzrə təsnif edilib.
İnvestisiya qoyuluşunun 61,55 faizini inkişaf etmiş ölkələrə, 32,15 faizini inkişaf etməkdə olan ölkələrə, 6,3 faizini isə beynəlxalq maliyyə təşkilatlarına yatırılıb.