Hökumət çörəklə “oynaya” bilməz!

Cəmiyyət

09.01.2022 - 21:43

Rəsmi qurumların un və çörəyin qiymət həddini müəyyən etmək hüququ yoxdur

2022-ci il yanvarın 6-da Azərbaycanda un və çörəyin qiymətinin yuxarı həddi müəyyən edilib. Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, bir sıra iri üyüdülmüş buğda idxalçıları, eləcə də un və çörək istehsalçıları ilə müzakirələr aparılıb. Görüş qiymət manipulyasiyasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbir kimi təşkil olunub.

İdxal olunan məhsulların qiymətləri və emal xərcləri nəzərə alınmaqla unun və çörəyin yuxarı qiymət həddi müəyyən edilib: 50 kq unun topdansatış qiyməti 35,9 manat, ənənəvi (yumru) çörəyin pərakəndə satış qiyməti (500 q) 0,5 manat, ənənəvi (yumru) çörəyin pərakəndə satış qiyməti (650 q) - 0,65 manat.

İqtisadçı ekspert Azər Mehdiyev AYNA-ya şərhində deyib ki, Azərbaycanın dövlət strukturlarının, o cümlədən Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin un və çörəyə yuxarı və ya aşağı qiymət həddini təyin etmək hüququ yoxdur: “Bu xidmət bu və ya digər sahədə inhisarçılığın mövcudluğunu müəyyən etməli, bu barədə ictimaiyyəti məlumatlandırmalı və onların aradan qaldırılması üçün təkliflər hazırlamalıdır”.

Tarif Şurasının nümayəndəsi Səməd Əliyev də AYNA-ya etiraf edib ki, Azərbaycanda dövlətin unun və çörəyin yuxarı qiymət həddini müəyyən etmək hüququ yoxdur: “Ölkədə qiymətlərin tənzimlənməsi ilə Tarif Şurası məşğul olur. Lakin Tarif Şurasına un və çörəyin yuxarı qiymət həddini müəyyən etmək səlahiyyəti verilməyib”.

Əgər dövlət qurumlarının unun və ya çörəyin yuxarı qiymət həddini müəyyən etmək hüququ yoxdursa, onda Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və ya çörək istehsalçılarına öz şərtlərini hansı əsasla diktə edir?

Cavab almaq üçün Xidmətin daxil olduğu İqtisadiyyat Nazirliyinə müraciət etdik. Nazirliyin nümayəndəsi Seyran Ədilov un və çörəyin qiymətinə yuxarı həddin müəyyən edilməsi məqsədilə Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələrinin un və çörək istehsalçıları ilə görüşməsi faktını təsdiqlədi. Dövlət qurumlarının unun və çörəyin qiymətini müəyyən etmək hüququ olmadığını xatırlatmağımıza isə Ədilov “bunu bilmirəm” qısa cavabı ilə kifayətlənərək, telefonu qapatdı...

Müəllif: Rəşad Rüstəmov