Deputatların gəliri bəyannaməsi haqqında: “Hər biri vicdanının səsini dinləməlidir”

Cəmiyyət

25.05.2021 - 20:49

Milli Məclis üzvləri gəlir vergisi bəyannamələrini təqdim etməlidirlərmi?

 

19 may 2021-ci il tarixində Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) Azərbaycan haqqında “Parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması haqqında” adlı hesabat yayımladı. Bu hesabata görə, Azərbaycan GRECO-nun millət vəkilləri üçün gəlir bəyannamələrinin formasını tez bir zamanda müəyyənləşdirməsi və bəyannamələrin məxfiliyini ləğv etməsi tövsiyəsinə əməl etmir.

 

2005-ci ildə Milli Məclis, 2006-cı ildə qüvvəyə minən “Dövlət məmurlarının gəlirlərinin bəyannaməsi haqqında” Qanun qəbul etdi. Elə həmin il Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinə bir bəyannamə mexanizmi hazırlamağı tapşırdı. Xatırlatmaq istəyirik ki, Nazirlər Kabineti bu günə qədər həmin tapşırığı yerinə yetirməyib.

 

Milli Məclisin deputatları gəlir vergisi bəyannamələrini təqdim etməlidirlərmi? Və bu bəyannamənin mexanizmləri neçə ildən sonra hazırlanacaq? AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.

 

Hakim partiyadan olan deputat Məlahət Həsənovanın sözlərinə görə, deputatlar tərəfindən gəlir bəyannaməsinin təqdim edilməsi korrupsiyaya qarşı mübarizənin vacib bir hissəsidir. “Hamı bilir ki, Azərbaycanda korrupsiyaya qarşı amansız mübarizə aparılır. Bu bəyannamənin mexanizmlərinə gəlincə, düşünürəm ki, bunun üçün çox vaxt lazım olmayacaq”.

 

Müstəqil deputat Aqil Abbas da millət vəkillərinin gəlir bəyannaməsinin əleyhinə deyil: “Ancaq millət vəkillərinin gəlirlərini elan etdikləri Rusiyaya, ABŞ-a və Avropa ölkələrinə baxaq. Bu ölkələrdə korrupsiyanın səviyyəsi Azərbaycandan azdırmı? İnanıram ki, bu məsələdə hər bir deputat daim vicdanının səsini dinləməlidir”.

 

Vəkil Fuad Ağayev isə əmindir ki, sadə gəlir vergisi bəyannaməsinin verilməsi korrupsiya səviyyəsinə heç bir şəkildə təsir göstərmir: “Ancaq millət vəkillərinin, həmçinin nazirlərin, nazir müavinlərinin və digər yüksək vəzifəli məmurların gəlir və xərc bəyannamələrinin internet daxil olmaqla, açıq məlumatlarda yayılması korrupsiyanı zəiflədəcək faktorlardan biri ola bilər”.

Müəllif: Rəşad Rüstəmov