Deputatlardan SOS siqnalı: kəndlər boşalır

Aktual

26.11.2024 - 14:05

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi davam edir: deputatlar təkliflər səsləndiriblər

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələrin birinci oxunuşda müzakirəsi bu gün də davam edib. Parlament sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda hökumət üzvləri də iştirak ediblər. Deputatlar büdcə ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Qeyd edək ki, büdcə müzakirələri plenar iclasda dünən başlayıb. Millət vəkilləri sabah da müzakirələri davam etdirəcəklər.

Parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxışı zamanı bildirib ki, ölkəmizin dağlıq rayonlarda və kəndlərdə şagirdlərin sayı azalmaqdadır: “Ailələr müxtəlif səbəblərdən kəndləri tərk edir. Hesab edirəm ki, bu problemin qarşısının alınması və həlli üçün əsaslı, köklü qərar verməyə ehtiyac var”.

Komitə sədri: “Xüsusi təyinatlı hərbçilərimizin və polislərin maaşlarını artırmalıyıq”

Deputat həmçinin xüsusi təyinatlıların və Daxili İşlər Nazirliyi əməkdaşlarının maaşlarının artırılması təklifi ilə çıxış edib: “Büdcə zərfində müdafiə və təhlükəsizlik sahəsinə kifayət qədər vəsait ayrılıb. Hesab edirəm ki, peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət keçən və xüsusi təyinatlı hərbçilərimizin maaşlarını bir neçə dəfə artırmalıyıq”.

“Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın azalır. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə olan axını stimullaşdırmış olar. Bura Daxili İşlər Nazirliyinin əməkdaşlarının da maaşlarını əlavə etməliyik. Çünki hüquq-mühafizə orqanları içində ən az maaş alan məhz Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”, - millət vəkili əlavə edib.

“Bu qədər məktəbin bağlanması kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq”

Deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda 1500 məktəbin bağlanması planlaşdırılır: “Xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. Hesab edirəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Buna biganə qalmaq olmaz. Həmçinin bu qədər məktəbin bağlanması kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq. Bu problemli məsələdir".

Deputat Əziz Ələkbərli isə çıxışında hərbi sahəyə ayrılan vəsaitin artırılmasını vacib sayıb. Millət vəkili deyib ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı məhz Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun daha da güclənməsinə bağlıdır: “Ermənilərin başı üstündə həmişə “dəmir yumruq” olmalıdır. Bunu onların antropologiyası, baş quruluşları, yastıbaş olması da təsdiq edir".

““Bənövşə gölü” su anbarı baxımsız qalıb və qurudularaq yararsız hala gətirilib”

“Qusar şəhərinin ətrafındakı “Bənövşə gölü” su anbarı Qusar şəhəri və ətraf kəndləri uzun illər içməli və təsərrüfat suyu ilə təmin edib. Amma son illər baxımsız qalıb və qurudularaq yararsız hala gətirilib”. Bu sözləri isə deputat Azər Badamov səsləndirib.

Millət vəkili qeyd edib ki, dünyada baş verən iqlim dəyişiklikləri şirin su mənbələrinin azalmasına gətirib çıxarır: “Bu baxımdan, su anbarlarının tikilməsi və bərpası çox aktual məsələdir. Bütün bunları nəzərə alaraq müvafiq qurumdan “Bənövşə gölü” su anbarının bərpasını diqqətdə saxlanılmasını xahiş edirəm”.

“Pensiyaya çıxan şəxs dünyasını dəyişirsə, onun pensiya fondunda olan vəsait vərəsəlik qaydasında onun varisinə verilməlidir”

Deputat Arzuxan Əlizadə isə təklif edib ki, pensiyaya çıxan şəxsin öz istəyi olarsa, onun pensiya fondunda yığılmış vəsaiti investisiya yatırmaq məqsədi ilə həmin şəxsin özünə verilsin: “Yaxud da, pensiyaya çıxan şəxs dünyasını dəyişirsə, onun pensiya fondunda olan vəsait vərəsəlik qaydasında onun varisinə verilməlidir. Bu məsələnin qanunvercilikdə yer alması lazımdır. Nəzərə almaq lazımdır ki, pensiya ömrü uzun deyil. Bu baxımdan, bu məsələlər vacibdir. Ayrıca, bir sıra spesifik sahələrdə çalışan şəxslər pensiya yaşına çatdıqda onun işdən azad olunması məsələsinə də yenidən baxıla bilər. Elə sahələr var ki, orada həmin şəxslərin daha uzun müddət işləməsi faydalı olur”.

Gələn ilin büdcəsi ilə bağlı müzakirələr Milli Məclisdə sabah da davam edəcək.

Müəllif: Anar Bayramoğlu