“Çox söyüşlərə məruz qalırdım” – “Ata ocağı”nın qəhrəmanı

Mədəniyyət

29.01.2022 - 22:15

Həkimlər Klinikalar SEO Xidməti

Zaur Əliyev: “Bu gün hər kəs zəhmət çəkir, amma çox az adamın zəhməti qiymətləndirilir”

Son illər canlandırdığı obrazları və qurduğu tamaşaları ilə teatrsevərlərin rəğbətini qazanan gənc aktyor, rejissor Zaur Əliyev AYNA-ya müsahibəsində yaradıcılığındakı və həyatındakı maraqlı məqamlardan danışıb.

- Aktyorluq sənətinə ilk gəlişiniz necə oldu?

- Mədəniyyət və İncəsənət Universitetində tələbə olmazdan əvvəl ilk dəfə  aktyor kimi səhnəyə Bakı Slavyan Universitetində çıxmışam. Ora məni TOTEM teatr dərnəyinin rəhbəri Gülnarə Əhmədli cəlb etmişdi. Bütün yollar buradan başladı.

- Hansı istedadınızı görüb sizi TOTEM-ə dəvət etdilər?

- TOTEM teatrında dahi bəstəkar Üzeyir Hacıbəyovun  "Ər və arvad" əsəri səhnəyə qoyulurdu. Gülnarə xanım bu əsərə quruluş verirdi. O, məni Şəfi obrazını oynamaq üçün dəvət etdi. Qeyd edim ki, həmin vaxtlar Gülnarə xanım məni Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanına hazırlaşdırırdı.

- Həmin ərəfədə TOTEM teatrı ilə birlikdə siz də vətənpərvərlik mövzusunda gənclər arasında keçirilən teatr festivalına qatıldınız. Uğurlu çıxışınızla yadda qalan gənclərdən olmuşdunuz. Bu, sizin sənətdə uğur qazanmağınıza təkan verdimi?

- Bəli, qəhrəmanlıq mövzusunda keçirilən teatr festivalına qatılmışdım. Artıq o zaman mən Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi idim. Festival və sonralar oynadığım tamaşalar mənim tanınmağıma və rejissorlar tərəfindən kəşf edilməyimə yardımçı oldu.

- Akyor və rejissor Zaur Əliyevin sənətdə bəxt üzünə harada gülüb?

- Bu sənətdə şans da lazımdır, amma hələlik mənə elə gəlir ki, arzularım bəxtimin hesabına yox, çəkdiyim zəhmət hesabına həyata keçib. Hələ o bəxt şans hesabına üzümə gülməyib. Amma o da olar (gülür – T.X.).

- Peşəkar karyeranıza harada və necə başladınız?

- Ən başlıca təkan mənim Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işləməyim oldu. Mən o teatrda tələbəlik illərindən  texniki heyətdə işıq rəssamı və işıq elektriki vəzifəsində çalışırdım. Universitetin Rejissorluq fakültəsini bitirəndə mənim diplom tamaşama Akademik Musiqili  Teatrın direktoru Əliqismət Lalayevi də dəvət etdim. Müəllim təklifimi qəbul etdi və tamaşaya gəlib baxdı. Əliqismət Lalayev tamaşa bitəndən sonra mənə bilirdi ki, tamaşanı çox bəyənib və mənim teatrda rejissor və aktyor kimi işimi davam etdirməyimi istəyir. Bu, mənim üçün sevindirici hal idi. Əliqismət Lalayevin etimadını doğrultmalı, özümü bu fürsətdə sübut eləməli idim. Həm rejissor kimi, həm də aktyor kimi peşəkar fəaliyyətim başladı. Bu gün də teatrda həm rejissor kimi fəaliyyət göstərirəm, həm də aktyor olaraq repertuarda olanda tamaşalarda rol alıram .

- Eyni anda da serial və filmlərə çəkilirsiniz?

- Hə, şükürlər olsun. Bu gün hər kəs zəhmət çəkir, amma çox əfsuslar olsun ki, çox az adamın zəhməti qiymətləndirilir. Nə yaxşı ki, mənim kiçik zəhmətim də olsa, qiymətləndirilib. İstər işlədiyim rəhbərlər, istər rejissorlar, istərsə də aktyor həmkarlarım tərəfindən dəyər görmüşəm. Özümü şanslı saya bilərəm.

- “Ata ocağı” serialında canlandırdığınız Elçin obrazı  da tanınmağınızda az rol oynamadı…

- Əlbəttə! Cəmiyyətdə birmənalı qarşılanmadım. Hətta demək olar ki, ölkənin yarısı bu seriala baxır. Bəzi ölkələrdən də izləyənlər var. Deməzdim, oynadığım rol sırf mənfi obrazdır. Sadəcə daha çılğın və tez qərar verən bir gəncdir. Onun da üstün xarakterləri var. Dürüst, mərd və mental düşüncəlidir. Ən əsası isə sadiq olması üstün cəhətidir. Amma onu deyim ki, bizim tamaşaçı tənqid etməyi çox vaxt bacarmır. Tənqid əvəzinə bəzən çaşıb məni söyürdülər. Sosial şəbəkələrdə daha çox söyülürdüm.

- Bu obraz sizə yeni iş təklifləri qazandırdımı?

- Bəli. Efirdən aktyorun görünməsi onun sənətinə müsbət yöndə təsir edir. 

- Sizi aktyor Bəhruz Vaqifoluna bənzədirlər. Bu bənzərlik sənətdə sizə mane olmur?

- Saqqal saxlayanda çox oxşadan olurdu. Obraza görə elə imicdə bir müddət gəzməli idim. İndi imicimi dəyişmişəm, artıq oxşadan yoxdur (gülür – T.X.).

- 2021-ci il sizin üçün necə yekunlaşdı? 

- 30 yaşımda, heç kimin gözləmədiyi vaxtda şəxsi həyatımda dəyişiklik oldu - nişanlandım. Ən yaxşı vətənpərvər ruhda videoçarxa görə teatrda mükafatlandırıldım. 44 günlük müharibə mövzusunda 22 tamaşanın arasında 2-ci yerə layiq görüldüm. İnanıram ki, 2022-ci il daha uğurlu olacaq. Bir sözlə, 2022-ci ildən gözləntilərim çoxdur.

Müəllif: Təranə Xudabaxşiyeva