“Etibarsız təşkilatlar” siyahısına salınan ABŞ şirkətlərinin adları açıqlanmayıb
Çin Tayvana silah satışında iştirakına görə ABŞ-ın 3 şirkətini “İxraca nəzarət” siyahısına, digər 3 şirkətini isə “Etibarsız təşkilatlar” siyahısına daxil edib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyi açıqlama yayıb.
“İxraca nəzarət” siyahısına daxil edilən şirkətlər sürücüsüz avtomobil istehsal edən “Saronic Technologies”, “Aerkomm” peyk şirkəti, sualtı mühəndislik şirkəti olan “Oceaneering International”dır. Nazirlik “Etibarsız təşkilatlar” siyahısına salınan ABŞ şirkətlərinin adlarını açıqlamayıb.
Bu addım Çinin separatçı əyalət hesab etdiyi Tayvana ABŞ-ın hərbi dəstəyi ilə əlaqəli xarici firmaları cəzalandırmaq cəhdi kimi qiymətləndirilir. “İxraca nəzarət” siyahısına əlavə edilən qurumlar Çində ticarət və investisiya məhdudiyyətləri ilə üzləşir, “etibarsız” hesab edilənlər isə bazara giriş və işgüzar əlaqələrə qadağalar daxil olmaqla daha geniş sanksiyalara məruz qala bilərlər.