Bu təbrik Prezidentə çatdırılacaqmı?

Cəmiyyət

16.02.2024 - 16:51

Dövlət özəlləşdirmə payı sahibi olan bir qrup Qarabağ müharibəsi veteranı və əmək veteranı Prezident İlham Əliyevə təbrik və xahiş məktubu göndərib

Dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi veteranı və əmək veteranı tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə TƏBRİK və XAHİŞ MƏKTUBU göndərilib.

AYNA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Çox Hörmətli, Cənab Prezidentimiz! Zati Aliləri! Cənab Müzəffər Ali Baş Komandanımız!

Qürur hissi ilə bildirmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin Ali Baş Komandanlığı ilə mənfur düşmənimiz üzərində dəmir yumruğumuz ilə 30 ildən sonra əldə etdiyimiz qələbə Sizin və Azərbaycan Xalqının dəyişməz həmrəyliyinin ən gözəl təzahürüdür. Bu səbəblədir ki, Azərbaycan xalqı həmrəylik göstərərək yenə prezident olaraq ən yüksək nəticə ilə Sizi seçdi. Məhz bu seçkidə fəal iştirak edən biz veteranların da yeganə namizədi, dayağımız Siz idiniz. Sizi, o cümlədən bütün Azərbaycan xalqını bu uğurlu seçki qələbəsi, başlanmış yeni çağ münasibəti ilə təbrik edirik, ən dərin duyğularımız ilə uğurlar arzulayırıq.

Çox Hörmətli, Cənab Prezidentimiz!

Dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi veteranı və əmək veteranının qarşılaşdığı aşağıdakı problemlərin də bu yeni çağda tərəfinizdən həll olunacağına bütün qəlbimiz ilə inanırıq və aşağıdakıları diqqətinizə çatdırmağı borc bilirik:

Uzun illərdir oliqarx məmurlar Ramiz Mehdiyevin köməkliyi ilə dövlət özəlləşdirmə payları (çekləri) barədə Sizə tam və düzgün məlumatların verilmədiyinə inanırıq. Məlum olduğu kimi, dövlət özəlləşdirmə payları (çekləri) kapitalizmə dinc keçid üçün Ümummilli Liderimiz Heydər Əliyevin tapşırığı ilə çıxarılmışdır. Lakin sonrakı dövrdə oliqarx məmurlar Ramiz Mehdiyevin köməkliyi ilə Ulu Öndərimiz Heydər Əliyevin, o cümlədən dövlətimizin tarixi-sosial ədalət siyasətini, qanunları və Konstitusiyanı, həmçinin, dövlətin xalq qarşısında QANUNLA götürdüyü öhdəlikləri pozmuşdur. Bu günə qədər yüzminlərlə vətəndaşın özəlləşdirmə payının qanunla inflyasiyadan qorunan 20 000 USD əmlak ekvivalenti dəyərində mülkiyyət hüququ, Konstitusiyaya zidd olaraq məmurlar tərəfindən tam əllərindən alınıb.

Hesab edirik ki, özəlləşdirmə payı – çekləri verilən zaman qüvvədə olan qanunlarla Dövlətin və Ulu Öndərin xalqa verdiyi hüquqların və dövlət öhdəliklərinin, tarixi sosial ədalət siyasətinin pozulması barədə Sizə tam məlumatlar verilmir. 13 ildir qanunların və Konstitusiyanın pozulması ilə aparılan ədalətsiz özəlləşdirmə prosesi vətəndaşlarla məmurlar arasında ciddi gərginlik yaratmaqda davam edir. Tarixi ədalətsizlik şəraitində aparılan mülkiyyət bölgüsü, qanunla xalqa məxsus mülkiyyətin məmurlar tərəfindən PUL ilə özəlləşdirilməsi, bütün investorlar və məmurlar üçün gələcəkdə böyük təhlükə zəmini yaradır. Bu, vətəndaş-dövlət münasibətlərində arzuolunmazdır. Siyasətçilər, psixoloqlar, sosioloqlar, hüquqşünaslar, tarixçilər və möminlər (“Quran”dan agah olanlar) mülkiyyət bölgüsü ilə bağlı haqsızlıqların, ədalətsizliyin ağır nəticələri barədə öz fikrilərini daim bildiriblər və bildirməyə davam edirlər. Konstitusiyaya və beynəlxalq hüquqa zidd olan bu qanunsuzluq investorların ölkəmizə inamına, habelə ölkəmizin beynəlxaq aləmdəki demokratik və hüquqi dövlət kimi nüfuzuna ciddi zərbədir. Ən əsası, tarixi sosial ədalət prinsipinin pozulması gələcəkdə dövlətçiliyimiz üçün ən böyük problem olan vətəndaş qarşıdurmasına səbəb olacaq əsaslar yaradır.

Cənab Prezident!

Çox xahiş edirik, problemin ciddiliyini nəzərə alasınız. Hər zaman olduğu kimi yenə Haqqa, Ədalətə, Xalqa dəstək olasınız. Ümid edirik ki, bu müraciətdən sonra Sizdən məlumatları gizlədən, haqqın yolunu kəsməyə çalışan bəzi məmurlar “Facebook”da “Özəlləşdirmə Çekləri” qrupunda birləşmiş 40 000 ailənin, həmçinin bu insanların dərdini dilə gətirən ziyalıların, siyasətçilərin, deputatların və prezidentliyə namizəd olmuş şəxslərin tələbləri Sizə tam çatdırılacaq. İnanırıq ki, Haqqı dilə gətirənlərin mətbuatda və TV kanallarında bu problem barədə dedikləri faktların ciddiliyini, bu əməlin Dövlətçiliyimizə, Xalqa, Ümummilli Liderimizin tarixi sosial ədalət siyasətinə qarşı cinayət olduğunu həmin oliqarx məmurlar da gözəl bilirlər.

Cənab Prezident! Çox xahiş edirik aşağıda dediklərimizə diqqət yetirəsiniz!

“Dövlət Özəlləşdirmə Payı” Respublikamızın qanunvericiliyində ilk dəfə 1993- cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Həmin Qanunun 18-ci maddəsində “özəlləşdirmə payı” anlayışı verilərək deyilir:

Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir;

Özəlləşdirmə payları respublikanın vətəndaşlarına özəlləşdirmədə iştirak etməyə ilkin bərabər imkan yaratmaq üçün verilir.

Yenə həmin dövrdə Ulu Öndər Heydər Əliyevin imzası ilə Qanunla qəbul olunmuş I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü Bölməsinin 4-cü abzasında deyilir:

Dövlət özəlləşdirmə payı – adsız, (təqdim edənə) nağd qiymətli: kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklə verildiyi an eyni dəyərə malikdir.

3-cü Bölməsinin 6-cı bəndində deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir: çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir”. ( eyni zamanda bu Qanunda orta və iri müəsisələrin 15+50 % -ni çeklərlə özəlləşdiriləcəyi bir dövlət öhtəliyi kimi öz əksini tapıb).

Bildiyiniz kimi, Dövlət Özəlləşdirmə Çeklərinin (DÖÇ) tədavül müddəti əvvəl Qanun ilə təsdiq olunmuş “I Dövlət Proqramı” ilə 3 il müddətinə təyin olundu, daha sonra Fərman ilə təsdiq olunmuş “II Dövlət Proqramı” ilə 2011-ci ilin yanvarın 1-nə qədər uzadıldı. Göründüyü kimi, burada Qanunla qəbul edilmiş bir müddət sonradan Fərman ilə uzadıldı.

Bundan belə bir ƏSAS sual meydana gəlir ki, DÖÇ-lər üçün ilk təyin olunan 3 illik müddət Fərman ilə uzadılmasaydı, nə baş verəcəkdi? Fərz edək ki, DÖÇ-lər ilk 3 ildən sonra tədavül müddəti bitdiyi üçün 1999-cü ildə tədavüldən çıxarıldı. Burada sual olunur: müddəti uzadılmayıb, tədavüldən çıxarılsaydı, onda kompensasiya veriləcəkdimi?

Təbii ki, həmin qanunvericiliyə görə, 3 illik müddət bitəndən sonra Qanunla qoyulmuş qaydaya əsasən (əvvəlki Özəlləşdirmə Qanunu maddə 19), həmin DÖÇ-lər (paylar) İnvestisiya Fonduna qoyulmalı, oradan vətəndaşlara divident verilməli və istifadə olunmalı idi. Lakin dövlət pozitiv öhdəliyini icra edib İnvestisiya Fondu qurmadığı üçün (bildiyiniz kimi, heç Çek İnvestisiya Fondu da yaradılmadı) vətəndaşların hüquqları pozuldu. Hesab edirik ki, bunu da DÖÇ-lərin tədavül müddətini Fərmanla uzatmaq ilə ödəməyə çalışdılar. Bu da öz növbəsində indiki pozuntulara səbəb oldu.

Bunlardan başqa, 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.4-cü maddəsinə görə, “Özəlləşdirmə payı respublikanın hər bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanılır”.

Fərz edək ki, həmin dövrdə (1999-da) bu normaya əməl olunaraq, bu payların dəyəri hesablanıb PUL formasında banklara qoyuldu. Sual olunur: əgər belə olsaydı, həmin pulların aqibəti necə olacaqdı?

Bu sual və 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Prezident Sarayındakı XALQA VƏDİ öz-özlüyündə bir daha özəlləşdirmə payına düşən mülkiyyət hüququnun dövlət tərəfindən vətəndaşlara ömürlük əvəzsiz verildiyini təsdiq edir. Özəlləşdirmə payları (çekləri) Xalqa – vətəndaşlara MİRAS ƏMLAK PAYI kimi verilən zaman qüvvədə olan qanunlara əsasən, hər bir vətəndaşa verilmiş özəlləşdirmə payı inflyasiyadan qorunan əmlak ekvivalentinə bərabər – EYNİ dəyərə malik idi və bu gün qanunla dəyəri ən azı 20 000 ABŞ dollarıdır.

Cənab Prezident!

Yaxşı yadımızdadır, “sberkassa”larda Sovetdən qalan pullara kompensasiya barədə bizim dövlətimizin qanunla heç öhdəliyi yox idi. Ancaq SİZ cənab Prezident, alicənablıq edərək, o pullara dövlətdən kompensasiya verilməsi barədə göstəriş verdiniz.

Cənab Prezident!

DÖÇ-lərin üzərində bütün qiymətli kağızların üzərində olduğu kimi Qanun gücünə malik olan müəyyən yazılar var və həmin yazıların (öhdəliklərin) heç birinə əməl olunmayıb. Məhz DÖÇ-nin üzərində yazılır ki, “Bu Özəlləşdirmə Çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin olunmuşdur”. DÖÇ-nin arxasında yazılır ki, “Dövlət Özəlləşdirmə Çeki – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.

Dolayısı ilə, bu yazılar belə, həmin çekin vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənəd olduğunu göstərir. Hətta, qanunla dövlətin ən kasıb vaxtında tarixi sosial ədalət naminə, dövlət öhdəliyi olaraq özəlləşdiriləcək bütün orta və iri dövlət əmlakının 65%-inin özəlləşdirilməsi DÖÇ ilə aparılmalı idi və qanunla investorlar özəlləşdirmədə iştirak etmək üçün vətəndaşlarda olan DÖÇ-ləri alaraq iştirak edə bilərdi. Xarici investorlar isə ancaq opsion aldıqdan sonra DÖÇ-ləri ala bilərdi. Qanunla dövlət orta və iri müəssisələrin ancaq ona məxsus olan 35%-ni PULLA sata bilərdi. Ümummilli Liderimiz Heydər Əliyevin göstərişi ilə, dövlət qiymətli kağızı kimi 8 milyon özəlləşdirmə payını (32 milyon çeki) təkcə ÇAP ETDİRMƏK üçün 1995-ci ildə – dövlətin ən kasıb vaxtında 64 milyon ABŞ dolları ödənilib.

Cənab Prezident!

Burada rəhmətlik atanız Ulu Öndərimiz Heydər Əliyevin Prezident Sarayındakı 7 mart 1995-ci il tarixli çıxışını yada salmaq mütləqdir – Bizim Sözümüz Bizim İmzamızdır! – Tarixi çıxışın Yekun Nitqi:

“… Ona görə də mən görürəm ki, bu barədə fikir ayrılığı tamamilə təbiidir və qəti bir fikir də demək çətindir. Şəxsən mən bunu demək istəmirəm. Ancaq bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır, hər bir vətəndaş öz payını almalıdır, bu payından istədiyi kimi istifadə etməlidir. O, ya özəlləşdirilən müəssisənin bir hissəsinin sahibi olacaqdır, yaxud öz payını başqasına verəcək və ya satacaqdır. Bunlar hamısı gələcək proseslərdə olacaqdır. Amma vətəndaşın payı olmalıdır. Yəni bu özəlləşdirmə 10 il, 15 il, 20 il çəkəcəkdir. Belə olan surətdə, əgər biz bu gün hesab ediriksə ki, dövlət əmlakı özəlləşdiriləcək və insanlar ondan bu payı alacaq, bəs bu payı nə vaxt alacaq? Belə çıxır ki, biri payını bu gün alacaq, biri bir ildən sonra, biri də 15 ildən sonra, 20 ildən sonra alacaq. Bəs bu, necə müəyyən olunacaq?”.

Cənab Prezident!

Hətta yadımızdadır ki, atanız, Milli Liderimiz Heydər Əliyev Özəlləşdirmə Çekləri paylanan zaman Az.TV-də Xalqa müraciət edərək Özəlləşdirmə Paylarını satmamağı, tələsməndən çeklərdən bir – bir istifadə etməyi məsləhət verirdi və deyirdi ki, əgər bir müəssisədən az divident verilsə, o birisi çox verər və tarazlıq olar. Deputatların, Siyasətçilərin, Hüquqşünaslar və Ziyalıların Sizə və Dövlətçiliyimizə inanaraq söylədikləri budur ki, tezliklə Ulu Öndərin siyasəti, imzaladığı Qanunlar və Konstitusiyaya əsasən, hər Özəlləşdirmə Payına düşən inflyasiyadan qorunan əmlak ekvivalentinin dəyəri Qanunda göstərilən qaydalara uyğun hesablanraq DÖÇ-ləri ya dövriyyəyə qaytarılacaq ya da KOMPENSASİYA ödəniləcəkdir ki, 100 minlərlə Ailə Böyük Özəlləşdirmədə iştirak etsinlər. Konstitusiya Məhkəməsinin (KM) ekspertləri olan 10-dan çox hüquqşünas alim tərəfindən, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının (AAK) “Qanun” jurnalında çap olunmuş 4 məqalədə isbat olunur ki, DÖÇ-lər verilən zaman qüvvədə olan qanunvericilik aktlarına uyğun olmayaraq, yəni kompensasiya verilmədən 13 ildir aparılan özəlləşdirmə prosesi dövlət siyasətinə ziddir və cinayətdir.

Cənab Prezident!

Özəlləşdirmə payları ilə bağlı bəzi hüquqi aktların araşdırılması barədə Konstitusiya Məhkəməsinin Palatası bizim müraciətdən 8 ay sonra – 19 dekabr 2023- cü ildə bu hüquqi problemin araşdırılmasından İMTİNA Qərardadı çıxarıb. Konstitusiya Məhkəməsinin Palatasının imtina qərarındakı Konstitusiya və Qanunlara ZİDD olan yozma və əsaslandırma özəlləşdirmə paylarına aid əvvəlki qanunlarda olan dövlət öhdəliklərini Konstitusiyaya zidd olaraq heçə saymaqla yanaşı Sizin Adınıza və Dövlətçiliyimizə qara ləkə salır.

Cənab Prezident!

KM-ni 3 hakimi bu İMTİNA qərardatında vətəndaşlara Özəlləşdirmə başlayan zaman Qanunlarla vətəndaşlara verilmiş mülkiyyət və bərabərlik hüquqlarının və Dövlət öhtəliklərinin 2000-ci il Özəlləşdirmə haqqında Qanunun bu gün də qüvvədə olan 33.1-ci maddəsini (bu maddə heç bir Qanunla bu günə qədər qüvvədən düşməyib) naməlum səbəbdən Konstitusiyaya zidd olaraq NƏZƏRƏ ALMADAN, həmin Qanunun 33.2-ci maddəsini əsas tutularaq TAM ləğv olunduğu göstərilib. Konstitusiya Məhkəməsinin Pleniumu özü 10-larla hüquqla bağlı, xüsusilə mülkiyyət hüququ ilə bağlı QƏRARLARINDA müqayisəli problemlərin həllində hüquqlar verilən zaman qüvvədə olan Qanunların ƏSAS sayılmasını şərtləndirmişdir. Ancaq nədənsə Konstitusiya Məhkəməsinin bu qərardadı qəbul edən 3 hakimi bunu yaddan çıxarıb.

Cənab Prezident, Konstitusiya Məhkəməsinin hakimləri toxunulmazdır və ancaq Sizin bilməyiniz vacib olan məsələlər var.

Cənab Prezident, Konstitusiya Məhkəməsi haqqında Qanunun 13-cü maddəsində göstərilir ki, Konstitusiya Məhkəməsinin hakimləri səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyinə, Konstitusiyasının aliliyini qoruyacaqlarına, baxdığı məsələləri ədalətlə həll edəcəklərinə and içirlər. Həmin Qanunun 23.1.7-1-ci maddəsinə görə, Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Konstitusiya Məhkəməsi hakiminin adına, şərəf və ləyaqətinə ləkə gətirən hərəkətə yol verdikdə mümkündür. Bu ƏSAS şərtdir.

Cənab Prezident, biz 50-dən çox hüquqşünasın Konstitusiya Məhkəməsinin bu 3 hüquqşünasının yazdığı Rəy barədə fikirlərini öyrəndik. Hamısı ancaq bir söz deyir:

Konstitusiya Məhkəməsinin Palatasındakı bu 3 hakimin İMTİNA qərardadındakı bu cür əsaslandırma absurddur, qəbul edilməzdir! Bu cür hüquq yozumu hüququn ayaqlar altına alınmasıdır, Konstitusiya və qanunların tapdanmasıdır, beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin heçə sayılmasıdır. Ən əsası, Dövlətin və Dövlət rəhbərliyinin tarixi sosial ədalət siyasətinə qarşı gəlməkdir.

Cənab Prezident!

Konstitusiya Məhkəməsinin hakimləri hansı səbəbdən bu qərara imza atıblar? Bu cür hüquqsuzluğa hansı cürətlə yol verirlər? Doğurdanmı Ramiz Mehdiyevin əli hələ də Konstitusiya Məhkəməsinin üstündədirmi? Bu suallar bizi çox narahat edir.

Cənab Prezident!

Hesab edirik ki, respublikamızda aşağıdakı HÜQUQİ faktı bilməyən 1 nəfər belə hüquqşünas yoxdur. Bildiyiniz kimi, Konstitusiya Şikayətində göstərilən məsələ “Dövlət özəlləşdirmə payları (DÖP) və dövlət özəlləşdirmə çeklərinin tənizmlənməsi” məsələsinin hansı qanunvericiliyə tabe olduğu məsələsidir. Yəni DÖP-lərin və DÖÇ- lərin tənizlənməsi, onların üzərində vətəndaşların mülkiyyət hüququnu əldə etməsi və bu mülkiyyət hüququnun mühafizə olunması prosesinin onların verildiyi tarixdə qəbul edilmiş qanunvericilik ilə tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cü və digər maddələrinin tələblərinə görə məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin 7-ci hissəsinə görə, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

Onda sual olunur ki, bəs, Konstitusiya Məhkəməsinin Palatasının prezident seçkiləri öncəsi imtina qərardadı çıxarmasında əsas məqsəd nə idi? Konstitusiya Məhkəməsinin Palatasında DÖÇ-lərlə bağlı vətəndaşların şikayətinə baxılmasından imtina barədə, 3 hüquqşünasın 19 dekabr 2023-cü ildə çıxardığı qərardad nəyə xidmət edir? Bu, ölkəmizdə demokratiyanın, hüququn, konstitusiya və qanunların, insan haqlarının 2000-ci ilin may ayından bəri yavaş-yavaş, qanunvericilik aktları ilə pozulduğu anlamına gəlmirmi? Bu cür haqsızlığı həm yerli, həm də beynəlxalq ictimaiyyətə nümayiş etdirirlər. Belə çıxır ki, Konstitusiya Məhkəməsinin Palatası öz qərəzli yozması ilə Dövlətin vətəndaşlar qarşısında QANUNLA götürdüyü öhdəliklərin və verdiyi hüquqların Konstitusiya və qanunlara, beynəlxalq hüquqa zidd olaraq pozulmasından qətiyyən narahat deyillər.

Konstitusiya Məhkəməsinin 3 hüquqşünasdan, başqa ölkədə hamı bilir ki, DÖÇ-lər verilən zaman qüvvədə olan Konstitusiya, qanunlar, Mülki Məcəllə və ən əsası, “Özəlləşdirmə haqqında” Qanun, “Dövlət özəlləşdirmə proqramı” haqqında Qanun və DÖÇ-lər haqqında Əsasnaməyə əsasən, dövlətin öz üzərinə götürdüyü öhdəliklər ƏSAS sayılır. Bununla da sübut olunur ki, hazırkı Konstitusiya Məhkəməsinin bəzi hüquqşünasları qanunlara və Konstitusiyaya məhəl qoymur, ölkəmizin hüquqi dövlət imicinə zərbə vurulmasına rəvac verirlər.

Cənab Prezident!

Amma unudurlar ki, bütün bu faktlar gec ya tez SİZƏ çatdırılacaq. O zaman Dövlət öz dəmir yumruğunu daxildə də işə salacaq. Qarabağı yağı düşməndən xilas edən o dəmir yumruq xalqı və dövləti aldadan, haqq yeyən, həqiqəti gizlədən məmurların başına enəcək. Xalqın yaddaşı heç nəyi unutmur!

Çox Hörmətli Cənab Prezidentimiz!

Xahiş edirik bu iki sualımıza cavab verilməsini təmin edəsiniz.

Birincisi, Siz, yeni Özəlləşdirmə Qanunu haqqında qanun layihəsini İqtisadiyyat, Ədliyyə və Maliyə Nazirlərinin birlikdə hazırlayıb 2023-cü ildə Milli Məclisə verməsi barədə Sərəncam vermişdiniz. Dövlət Özəlləşdirmə Payları (Çekləri) barədə problemlərin bu qanun layihəsində öz həllini tapması barədə Sizin xüsusi göstərişiniz olacaqdırmı? Əgər bizim dəfələrlə yazdığımız Xahiş və Şikayətimiz Sizə tam mətni ilə çatdırılırsa, SİZDƏN çox Xahiş edirik bir sualımıza da cavab verəsiniz. Konstitusiya Məhkəməsi Palatasının 3 hakiminin Konstitusiyaya zidd olaraq İnsan hüquqlarını pozan Özəlləşdirmə Payları barədə olan hüquqi Aktların Konstitusiya Məhkəməsində araşdırılmasından İMTİNA qərardadı Bizim Dövlətçiliyimizə, hüquqi və Demokratik Dövlət statusumuza, Atanız Ulu Öndərimiz Heydər Əliyevin Tarixi Sosial Ədalət Siyasətinə və Konstitusiyamıza, Sizin Siyasətinizə uyğundurmu?

Çox Hörmətli, Cənab Prezidentimiz!

Bizim dəfələrlə yazdığımız bu müraciət Sizə tam mətni ilə çatdırılarsa, Sizin təxirəsalınmaz təcili tədbir görülməsi barədə göstəriş verəcəyinizə və bizim suallarımıza cavab verilməsini təmin edəcəyinizə bütün qəlbimiz ilə inanırıq. Sizi bir daha Özəlləşdirmə Paylarını satmayan 100 minlərlə Ailələrin adından təbrik edirik və SƏBİRSİZLİKLƏ CAVAB GÖZLƏYİRİK.

“Özəlləşdirmə Çekləri” Qrupu, ziyalılar, deputatlar, siyasətçilər və 6 nəfər prezidentliyə namizəd adından Sizdən dərin hörmətlə xahiş edirik, Atanız Ümummilli Liderimiz Heydər Əliyevin və Dövlətimizin xalqa vədinə əməl edilməsini təmin edəsiniz.

Konstitusiya Məhkəməsinin və Prezidentin nəzarətində olan AAK-nın Konstitusiya və Mülki hüquq üzrə EKSPERTLƏRİ OLAN HÜQUQŞÜNAS ALİMLƏRİN Videomüraciəti:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

Müəllif: “Özəlləşdirmə Çekləri Qrupu”

Müəllif: Aydın Gəray