Bu gün Türkiyə millisi Bakıda Uels yığması ilə üz-üzə gələcək

İdman

16.06.2021 - 11:09

Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start verilir

 

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək. AYNA xəbər verir ki, günün ilk matçı B qrupunda yer alan komandalar arasında oynanılacaq.

 

İlk turda Danimarkaya millisinə gözlənilmədən qalib gələn Finlandiya seçməsi birinci matçda Belçikaya 0:3 hesabı ilə uduzan Rusiya yığmasının qonağı olacaq. Sankt-Peterburqdakı eyniadlı arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu niderlandlı referi Denni Makkeli idarə edəcək. Hazırda finlandiyalılar 3 xalla qrupda 2-ci, xalı olmayan rusiyalılar isə sonuncudur.

 

Günün ikinci oyununda Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uels seçməsi ilə qarşılaşacaq. Çempionatın açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan “ay-ulduzlular” üçün bu qarşılaşma mühüm əhəmiyyət daşıyır. Uels seçməsi Bakı Olimpiya Stadionunda keçirilən birinci görüşdə İsveçrə ilə heç-heçə edib – 1:1.

 

“Ay-ulduzlular” Uels ilə sonuncu dəfə 24 il əvvəl üz-üzə gəliblər. İstanbulda oynanılan həmin görüşdə qardaş ölkənin təmsilçiləri 6:4 hesabı ilə qələbə qazanıblar. Komandalar ümumilikdə 6 rəsmi matçda qarşılaşıblar. Həmin oyunların 2-də qalib gələn Türkiyə yığması 3 görüşdə uduzub. Top nisbəti də Uels yığmasının xeyrinədir – 7:10.

 

Saat 20:00-da start götürəcək oyunun baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv hazırda qrupda xalsız yeganə komandadır. Bir xalı olan Uels millisi isə İsveçrə ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.

 

Günün son görüşü A qrupunun hazırkı lideri İtaliya millisi və İsveçrə seçməsi arasında olacaq.

 

Romadakı “Olimpiko” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək.

 

Xatırladaq ki, Bakı Olimpiya Stadionu bu gün Türkiyə-Uels, dörd gün sonra İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.

 

Müəllif: Ayna.az