Böyük haqsızlıq və imkanlar itkisi ilə üz-üzə: bu qədər insanın haqqını yemək olmaz

Cəmiyyət

10.06.2022 - 10:19

İqtisadçı: “Hökumət özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlardan onları kreditlə geri almalıdır”

Hüquq müdafiəçisi: “Vətəndaşların haqqı yeyildi və proses məmur oliqarxiyasının, bir qrup işbazın varlanması ilə nəticələndi

Əmlak eksperti: “Qanun ideal idi: 65 faiz payçılar vətəndaşlar idi, lakin buna riayət olunmadı

Özəlləşdirilmə çeklərinin istifadəyə verilməsindən 25 il, tədavül müddətinin başa çatmasından isə 11 il ötür. Lakin hələ də çekləri əllərində qalan yüzminlərlə vətəndaş var və onlar dövlətin ayırdığı bu hüquqdan istifadə edə bilməyiblər. Halbuki “Özəlləşdirmə haqqında Dövlət Proqramı”nda vauçerlər üçün müddət nəzərdə tutulmayıb və bu baxımdan tədavül müddətinin başa çatmasının elan olunması vətəndaşların konstitusion hüquqlarının pozulmasıdır.

Proqramda özəlləşdirmə payına qanunla düşən əmlak ekvivalenti inflyasiyadan qorunmaqla 2000 ABŞ dolları həcmində müəyyən edilib. Eyni zamanda özəlləşdirməyə çıxarılan dövlət əmlakının ən azı 65 faizinin dövlət özəlləşdirmə paylarını (çeklərini) təqdim edən çek sahiblərinə əvəzsiz qaydada verilməsi təsbit olunub.

Ölkəmizin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, Milli Məclisin deputatları, mədəniyyət-incəsənət xadimləri, iqtisadçılar, hüquqşünaslar, QHT rəhbərləri hökumətə çağırışlar edərək, özələşdirmə çekləri ilə bağlı məsələyə yenidən baxılmasının vacibliyini bəyan edirlər.

İqtisadçı ekspert Pərviz Heydərov tədavül müddətinin yenidən artırılmasını mümkün və vacib sayır: “Əvvəla ona görə ki, hökumət bu məsləninin başa çatdığını bildirsə də, bu gün əllərdə yüzminlərlə özəlləşdirmə payı qalıb. Yəni, ölkə əhalisinin bir qismi bu hüququndan istifadə etməyib. Hansı ki, bununla bağlı fərmanda qeyd olunurdu ki, özəlləşdirmə payları vətəndaşların dövlət özəlləşdirmə prosesində iştirakını təmin etmək məqsədilə onlara paylanır”.

“Prosesin icrası zamanı ciddi hüquq pozuntuları baş verib və faktiki olaraq payçılar öz hüququndan bəhrələnə bilməyiblər. Həm çeklərlə bağlı hüquqi biliklər lazımi səviyyədə aparılmayıb, həm də müvafiq qurumlar maarifləndirmə işinin aparılmasında həvəsli olmayıb. Nəticədə pay sahibləri deyil, bir qrup işbaz bundan faydala bilib”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert təklif edir ki, hökumət özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlardan həmin çekləri kreditlə geri alsın: “Bununla bağlı müvafiq proqram işlənib hazırlanmalıdır. Düzdür, rəsmi dairələr iddia edir ki, proses artıq başa çatıb. Lakin söylədiyim kimi, vətəndaşlar bu hüququndan lazımi səviyyədə bəhrələnə bilməyiblər”.

“Nəzərə almaq lazımdır ki, özəlləşdirmə payları qiymətli kağızdır. Prosesin bu cür sonlanması ölkədə müəyyən tələblər çərçivəsində qiymətli kağızlar bazarının olmaması ilə bağlıdır. Mütləq şəkildə qiymətli kağızlar bazarı inkişaf etdirilməlidir. Qanunda boşluqlar olub və bu baxımdan çekləri əllərində qalan vətəndaşların hüququ var idi ki, onları satmaqdan imtina etsin. Qanunvericiliklə bu məsələnin birdəfəlik həlli istiqamətində addımlar atılmalıdır”, - deyə Heydərov vurğulayıb.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı də AYNA-ya şərhində söyləyib ki, özəlləşdirmə prosesində vətəndaşların iştirakına şərait yaradılması mütərəqqi addım olsa da, proses qanunauyğun şəkildə davam etdirilməyib: “Məhz elə buna görədir ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq, özəlləşdirmə çekləri ilə bağlı müzakirələr bitmir. Çünki proses məmur oliqarxiyasının və bir qrup işbazın varlanması ilə nəticələndi. Təsəvvür edin ki, bir neçə il əhalinin başını çeklərlə qatdılar və günün birində bəyan etdilər ki, artıq proses başa çatıb. Böyük hüquq pozuntuları baş verdi”.

“Əslində çeklər üçün inflyasiyadan qorunmaqla müvafiq məbləğ müəyyən edilmişdi. Qanunda özəlləşdirmə zamanı vətəndaşların 65 faiz pay sahibi olması nəzərdə tutulurdu. Bunların heç biri baş vermədi və bir də onda ayıldıq ki, artıq hər şey arxada qalıb”, - deyə müsahibimiz qeyd edib.

Qəhrəmanlı hökuməti,  gec də olsa, bu məsələyə yenidən qayıtmağa çağırıb: “Heç olmasa əllərdə qalan çeklərin sahibləri üçün müəyyən imkanlar yaradılmalıdır. Ya tədavül müddətini artırmaq, ya da kompensasiya ödəmək şəklində onlara dəymiş ziyan kompensasiya olunmalıdır. Çünki özəlləşdirilən bu müəssisələrin ərsəyə gəlməsində onların özlərinin, valideynlərinin rolu olub. Onların da haqqıdır ki, dövlətin müəyyən etdiyi bu imkandan bəhrələnə bilsinlər. Müvafiq qurumlar hərəkətə keçməli, dövlət proqramı hazırlanmalı, bir sözlə, bu prosesə qəti yekun vurulmalıdır”.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı da öz növbəsində hesab edir ki, özəlləşdirmə çeklərinin taleyinə aydınlıq gətirilməlidir. Onun AYNA-ya dediyinə görə, indiyədək bu məsələ bitməliydi: “Məmur oliqarxiyasının və bəzi işbazların “xidməti” nəticəsində bu mütərəqqi proses yarımçıq saxlanıldı. Hansı ki, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanı əhali arasında böyük coşqu ilə qarşılanmışdı. Çünki fərmanda vətəndaşların maraqlarının əleyhinə yönələn hər heç bir məqam yox idi. Zaman məhdudiyyəti yox idi, əmlak ekvivalenti inflyasiyadan qorunmaqla müəyyən edilmişdi, dövlət özəlləşdirməsi zamanı vətəndaşların payı 65 faiz civarında müəyyən edilmişdi. Bunlar müsbət məqamlar idi. Ancaq göründüyü kimi, bunlara riayət olunmadı və yalnız bir qrup işbaz bundan faydalana bildilər”.

Müsahibimiz artıq keçmişə yox, gələcəyə baxmağın zamanı olduğu qənaətindədir: “Bu gün Azərbaycanda kompleks islahatlar həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu instusional islahatların mahiyyətində dövlət-vətəndaşlar münasibətlərini keyfiyyətcə eyni mərhələyə daşımaq dayanır”.

“Heç şübhəsiz belə bir şəraitdə özəlləşdirmə çeklərinin taleyinə də aydınlıq gətirilməlidir. Bununla bağlı müvafiq proqram işlənib hazırlanmalıdır. Elə proqram ki, həm yüzminlərlə payçının hüquqlarını təmin etsin, həm də işlək olsun. Düşünürəm ki, nə zamansa bu məsələyə yekun vurulacaq. Bu baxımdan prosesi yubatmağa və süründürməçiliyə ehtiyac yoxdur”, - deyə Osmanlı fikrini yekunlaşdırıb.

QEYD

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray