Bir milyon insanın haqqı boynunuzdadır: Tarixi qərarı verin!

İqtisadiyyat

13.08.2023 - 10:29

Keçmiş nazir: “Dövlətin öhdəliyi var ki, haqqı tapdanmış bu qədər vətəndaşın hüquqlarını təmin etsin”

AQC sədri: “Konstitusiya Məhkəməsinin ədalətli qərar verəcəyinə inanıram - bu, labüddür”

Ötən əsrin 90-cı illərin ikinci yarısında Azərbaycanda özəlləşdirmə çekləri dövriyyəyə buraxıldı. Həmin dövrdə bu çeklərin vətəndaşların haqqı olduğu qeyd edilir və hər bir vətəndaşın bu çeklərlə özəlləşdirmədə iştirakı nəzərdə tutulurdu.

Qanunvericilikdə özəlləşdirmə çeklərinin “Qiymətli kağızlar haqqında” qanunla tənzimləndiyi və qiymətli kağızlar üçün zaman məhdudiyyəti nəzərdə tutulmadığı da öz əksini tapırdı. Eyni zamanda, hər bir əmlak payının inflyasiyadan qorunmaqla 2000 ABŞ dolları dəyərində qiymətləndirilməsi, özəlləşdirməyə çıxarılan dövlət müəssisələrinin 65 faizinin vətəndaşlara məxsus olması xüsusi qeyd olunurdu.

2011-ci ildə, qanunvericiliyə zidd şəkildə tədavül müddətinin başa çatması ilə dəyərsiz kağız parçasına çevrilən özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə qaytarılması günün ən ciddi müzakirə mövzusudur. Milli Məclisin deputatları, ictimai-siyasi, mədəniyyət-incəsənət xadimləri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri ölkə rəhbərliyinə çağırışlar edərək, özəlləşdirmə paylarının yenidən dövriyyəyə qaytarılmasını, yaxud da növbəti özəlləşdirmə prosesində iştirakının təmin olunmasını istəyirlər.

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə iri dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılması gözlənilir ki, bu xüsusda SOCAR-ın, dövlət təhsil və səhiyyə müəssisələrinin özəlləşdirilməsi zamanı vauçerləri əlində qalan vətəndaşların bu prosesdə iştirakı təmin olunmalıdır.

Xatırladaq ki, özəlləşdirmə çekləri əlində qalan vətəndaşlar, müharibə veteranları və təqaüdçülər tarixi ədalətin bərpa olunması məqsədilə Konstitusiya Məhkəməsinə müraciət ediblər. Milli Məclisin deputatları da Konstitusiya Məhkəməsinə müraciət ünvanlayan vətəndaşları dəstəklədiklərini, ədalətli qərar veriləcəyinə böyük ümidlər bəslədiklərini bildiriblər.

Burada iki mühüm məqam xüsusi aktuallıq kəsb edir:

Birincisi, özəlləşdirmə çekləri vətəndaşlara qanunla verilib, onların hüquqlarının təminatçısı birbaşa Konstitusiya və müvafiq qanundur. Bu baxımdan, qanundan aşağı statuslu heç bir fərman, sərəncam, qərar bu hüququ vətəndaşların əlindən ala bilməz. Xüsusilə, nəzərə alaq ki, məsələ ilə bağlı heç bir yüksək vəzifəli hökumət nümayəndəsi açıq fikir səsləndirməyib: haqqına və ya nahaqqına. Deməli, problemə Konstitusiya Məhkəməsində baxılmalı və qanunun tələb etdiyi kimi - ədalətli qərar verilməlidir.

İkincisi, vətəndaşlara paylanılan özəlləşdirmə çekləri onların özlərinin və ata-babalarının halal haqqıdır. Bu haqq da Konstitusiya və müvafiq qanunlarla qorunur. Deməli, ya həmin haqq pay sahiblərinə geri qaytarılmalı, ya da onun kompensasiyası ödənilməlidir.

Hər iki halda da özəlləşdirmə paylarının hazırkı nominal dəyəri konkret açıqlanmalıdır. Axı, dövlətin iqtisadi siyasəti onun qoyduğu qanunlarla tənzimlənir. Özəlləşdirmə çekləri ilə bağlı qanunvericilikdə də açıq şəkildə göstərilir ki, pay sahiblərinə iri müəssisələrdən 65 faizlik əmlak payı düşür.

İndi nəzərə almaq lazımdır ki, gələcəkdə özəlləşdiriləcək əmlakların sayı, maliyyə tutumu çoxdur, çünki söhbət Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə daxil olan və özəlləşdirməyə açıq elan edilmiş SOCAR kimi, AZAL kimi, Azərbaycan Dəmir Yolları, Metropoliten kimi nəhəng qurumlardan gedir. Bundan əlavə, tibb və təhsil müəssisələri, kommunal idarələr, dövlət tərəfindən idarəçiliyə verilən müəssisələr gələcəkdə özəlləşdirməyə çıxarılacaq.

Bütün bunları hesabladıqda, nəhəng maliyyə tutumu meydana çıxır. Əgər təkcə SOCAR-ın bazar qiyməti 40 milyard dollardan çoxdursa, onun 65 faizini vətəndaşların əllərində qalmış, istifadə olunmamış 1.6 milyon paya bölsək, hər özəlləşdirmə payı, təxminən 12 min ABŞ dolları məbləğində əmlak ekvivalenti edir. Bu mənada ya dövlət həmin çekləri yenidən dövriyyəyə qaytarmalı, ya da 25 ildən sonrakı dəyəri hesablayıb, pay sahiblərinə kompensasiya ödəməlidir.

Gəlin, etiraf edək ki, bu gün özəlləşdirmə çekləri əlində qalmış yüzminlərlə insan arasında nə qədər ehtiyac sahibi var. Sosial problemlər məngənəsində boğulan bu insanlar üçün halal haqları olan özəlləşdirmə payları son ümid yeridir.

Daha bir həssas məqam pay sahiblərinin dünyalarını dəyişmələri ilə bağlıdır. Statistikaya görə, istifadə olunmamış 1.6 milyon çekdən 1 milyonu vətəndaşların əllərindədir. Yenə rəsmi statistikaya görə, hər il ölkə əhalisinin 1.2 faizi dünyasını dəyişir. Bunu da 1 milyon vətəndaşa böldükdə ilə 12 min insan düşür. Nəticə: 25 ildir ümidlə haqqını alacağı anı gözləyən pay sahiblərindən hər gün ən azı 30 nəfəri vəfat edir. Dövlətin üzərinə götürdüyü öhdəliklərin yerinə yetiriləcəyi günü gözləyən həmin insanlar dövlətə olan ümidlərini də özləri ilə bərabər axirətə aparırlar.

Sadalanan bütün məqamlar bir vacibatın üzərində birləşir – ƏDALƏT! İndiki mərhələdə Konstitusiya Məhkəməsinin işə dərindən, əhatəli və ədalətli şəkildə baxması və HAQQlı qərar qəbul etməsi şərtdir. Çünki yaşayan və dünyasını dəyişmiş yüzminlərlə insanın HAQQı bu işdə məsul olanların boynundadır. Məsuliyyət sahibləri də haqq sahibləri kimi HAQQ dünyasına köçəcəklər: boyunlarında bu qədər haqla haqq dünyasına köçməyin cəzasını kimsə gözardı edə bilməz.

Mövzuya dair AYNA-ya danışan sabiq maliyyə naziri, professor, iqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, dövlətin öhdəliyi var ki, özəlləşdirmə payları əlində qalan vətəndaşların hüquqlarını təmin etsin: “Ötən əsrin 90-cı illərinin sonunda Ulu Öndər Heydər Əliyevin bununla bağlı xüsusi fərmanı vardı. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması, özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququnun qanunla təmin olunması və digər məqamlar nəzərdə tutulurdu. Bunlar həyata keçirilmədi. Bəzi vətəndaşlar onlara məxsus özəlləşdirmə paylarını “qara bazar”da satışa çıxardılar. Müəyyən əhali kütləsi, ələlxüsus da, ziyalı kəsim bu çekləri qoruyub saxladı. Buna əsas səbəb də vauçerlərlə bağlı böyük ümidlərin olması idi”.

“2011-ci ildə tədavül müddəti başa çatdı və yüzminlərlə vətəndaş hüquqsuz duruma düşdü. Bu gün də onlar tarixi ədalətin bərpa olunacağı günü gözləyirlər. Hesab edirəm ki, bu mövzuya məntiqi yekun vurulmalıdır. Çünki bu, dövlətin vətəndaşa ayırdığı imtiyazdır və ondan istifadəyə şərait yaradılmalıdır”, - deyə alim bildirib.

Keçmiş nazir vurğulayıb ki, özəlləşdirmə payları əlində qalan vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etməkdə haqlıdırlar: “Çünki qanunvericiliyin tələbləri pozulub. Məhz elə bu səbəbdən də məsələyə Konstitusiya Məhkəməsi aydınlıq gətirməlidir. Ümid edirəm ki, ədalətli qərar veriləcək”.

“Əmlak Komitəsinin 1997-ci ildəki 222 saylı əmrinə görə, bir əmlak payına düşən mülkiyyətin dəyəri ən azı 2000 dollar civarında hesablanıb. İnflyasiyanı nəzərə alsaq, hazırda bu qiymət fərqli olmalıdır. Çünki o vaxtla müqayisədə indi əmlakların qiyməti və kriteriyalar dəyişib. Özəlləşdirmə çeklərinin cari real qiymətləri nəzərə alınmalı, vətəndaşların haqqı bu və ya digər formada ödənməlidir”, - deyə Yusifov fikrini yekunlaşdırıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc da AYNA-ya açıqlamasında özəlləşdirmə payları əlində qalan vətəndaşların Konstitusiya Məhkəməsinə müraciətini alqışladığını söyləyib: “Ortada dərin ziddiyyətlər var və aradan qaldırılmalıdır. Özəlləşdirmə paylarının əvəzsiz olaraq vətəndaşlara paylanılması ilə bağlı fərmanda və bununla bağlı qnunvericilikdə kifayət qədər mütərəqqi məqamlar var idi ki, həyata keçirilmədi. Misal üçün, qeyd olunurdu ki, özəlləşdirmə çekləri “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənir. Bu qanunda isə aydın şəkildə təsbit olunur ki, qiymətli kağızlar dəyərdən düşə bilməz. Yalnız şəxsin arzusu və istəyi əsasında satıla və hədiyyə oluna bilər”.

“2011-ci ildə tədavül müddətinin başa çatması ilə bağlı qərar qanunun bu müddəasına ziddir. Eyni zamanda inflyasiyadan qorunmaqla özəlləşdirmə çekləri üçün bəlli məbləğ müəyyən edilmişdi. Dövlət əmlakının - hansı ki, özəlləşdirməyə çıxarılacaq - 65 faizinin pay sahibləri olan vətəndaşlara məxsus olması da qanunda öz əksini tapırdı. Bütün bunlara əməl olunmadı. Bu baxımdan bu məsələyə Konstitusiya Məhkəməsində baxılması ən doğru addımdır”, - deyə müsahibimiz qeyd edib.

Oruc inanır ki, Konstitusiya Məhkəməsi məsələyə dair ədalətli qərar qəbul edəcək: “Qanunda kifayət qədər boşluqlar var. Aidiyyəti dövlət qurumlarının bəzi qərarları qanunvericiliyə uyğun deyi. Buna görə də məsələyə Konstitusiya Məhkəməsi səviyyəsində məntiqi yekun vurulmalıdır. Bir neçə gün öncə Konstitusiya Məhkəməsi avtomobillərin idarə edilməsi üçün etibarnamə tələbinin aradan qaldırılması barədə qərar verdi və Milli Məclisə göndərdi. Özələşdirmə çekləri ilə bağlı da analoji qərarın verilməsi labüddür və ümidvaram ki, haqq-ədalət yerini tapacaq”.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Əlavə qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri - QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray