“Dəməşq və Moskva üçün bir-birinin mövqelərini müqayisə etmək və ümumi yanaşmalar hazırlamaq vacibdir”
Suriya Prezidenti Bəşər Əsəd martın ortalarında Moskvaya rəsmi səfər edəcək. AYNA xəbər verir ki, bu barədə “Vedomosti” diplomatik mənbəsinə istinadən məlumat yayıb.
Rusiya liderinin administrasiyasına yaxın şəxslərdən biri nəşrə deyib ki, Rusiya Prezidenti Vladimir Putin Bəşər Əsədi qəbul edə bilər.
Qəzet qeyd edir ki, Kremlin sözçüsü Dmitri Peskov nəşrin müvafiq sorğusuna cavab verməyib.
Ekspertlərin fikrincə, humanitar məsələlər və münasibətlərin tənzimlənməsi məsələləri gündəmdə olacaq. Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Kirill Semyonov qeyd edib ki, Əsəd zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Moskvadan kömək almağa, habelə Suriyada ciddi yanacaq böhranının aradan qaldırılmasına köməklik istəyəcək.
Semyonov, həmçinin tərəflərin Ukraynada davam edən münaqişə fonunda ikitərəfli münasibətləri müzakirə edəcəkləri barədə fikir bildirib. Ekspert izah edib ki, Dəməşq və Moskva üçün bir-birinin mövqelərini müqayisə etmək və ümumi yanaşmalar hazırlamaq vacibdir.
Bundan əvvəl Suriya Prezidentinin Rusiyanın Ukraynadakı işğalçı müharibəsini dəstəklədiyi məlum olub. Əsəd həmçinin “ABŞ və NATO-nun sabitliyi pozan siyasətini” pisləyib və onun sözlərinə görə, “bu, Yaxın Şərqdə də vəziyyətin ciddi şəkildə pozulmasına gətirib çıxarıb”.