"Biz "Gürcü Arzusu" nümayəndələrinin Almaniyanın Tiflisdəki səfirinə qarşı davam edən aqressiv ritorikasını qəti şəkildə rədd edirik”
Almaniya Xarici İşlər Nazirliyi (XİN) bu gün öz səfiri Peter Fişerin Gürcüstan XİN-ə çağırılmasını “əsassız” adlandırıb və hakim partiya nümayəndələrinin ona qarşı yönəlmiş “aqressiv ritorikasını” pisləyib.
AYNA.AZ xəbər verir ki, Almaniya XİN-in sosial şəbəkədə yaydığı bəyanatda deyilir: "Biz "Gürcü Arzusu" nümayəndələrinin Almaniyanın Tiflisdəki səfirinə qarşı davam edən aqressiv ritorikasını və onun bu gün əsassız çağırışını qəti şəkildə rədd edirik. O federal hökumətin mövqeyini təmsil edir və Vyana Konvensiyasına tam uyğun hərəkət edir".
Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstan XİN bəyan edib ki, Fişerə ev sahibi ölkənin qanunlarına riayət etmək və onun daxili işlərinə qarışmamaq öhdəliyi xatırladılıb. Nazirlik "radikal gündəmi təşviq etmək cəhdləri" və "məhkəmələrin siyasiləşdirilməsi" ilə bağlı narahatlığını ifadə edib və Almaniya diplomatik missiyasını hökumətə qarşı əsassız hücumlarda ittiham edib.
1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri Almaniya səfiri ilk dəfədir ki, XİN-ə çağırılır.
Fişer dəfələrlə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının siyasətini tənqid edərək, onları anti-Avropa adlandırıb. O həmçinin müxalif siyasətçilərin, fəalların və jurnalistlərin məhkəmə iclaslarında dəfələrlə iştirak edib, onlara açıq dəstək verib. Gürcüstan hakimiyyəti isə öz növbəsində mütəmadi olaraq Fişeri və bir sıra digər Avropa səfirlərini radikalizmi təşviq etməkdə və hökumət əleyhinə etirazçıları dəstəkləməkdə ittiham edir.