Bayden üçün sürpriz: Prezidentin qarajından tapılan məxfi sənədlərdə nələr var?

Dünya

14.01.2023 - 21:55

ABŞ Prezidenti ətrafında qalmaqal böyüyür: Ədliyyə Nazirliyi işi araşdırmaq üçün prokurorlar təyin edib

ABŞ-da daha bir qalmaqal yaranıb: hazırkı Prezident Co Baydenin köhnə ofisində və evində Barak Obama administrasiyası dövründən qalan məxfi sənədlər tapılıb. Siyasətçi onları 2017-ci ildə geri qaytarmalı imiş. Bu, keçən ilin avqustunda ABŞ-ın keçmiş Prezidenti Donald Trampın iqamətgahında tapılan məxfi sənədlərlə bağlı qalmaqala bənzəyir. Siyasi rəqibini səhlənkarlıqda və məsuliyyətsizlikdə ittiham edən Co Bayden bir neçə aydan sonra onunla eyni vəziyyətə düşəcəyini ağlına da gətirə bilməzdi.

İki siyasətçinin taleyi indi ABŞ Ədliyyə Nazirliyinin əlindədir və nazirlik hər iki işi araşdırmaq üçün xüsusi prokurorlar təyin edib.

Bazar ertəsi Amerika televiziya kanalı “CBS News” sensasion xəbərlər dərc edib: Baydenin köhnə ofisində siyasətçinin vitse-prezident işlədiyi Barak Obama administrasiyası dövründən qalan məxfi sənədlər tapılıb. Qanuna görə, o, hökumət ofisindən çıxandan dərhal sonra sənədləri ABŞ Milli Arxivinə verməli idi. Lakin məxfi materiallar siyasətçinin 2017-ci ildən sonra şəxsi ofisi kimi istifadə etdiyi “Penn Bayden” Diplomatiya və Qlobal İştirak Mərkəzinin Vaşinqtondakı ofisində qalıb.

Ağ Ev faktı təsdiqləyib və Baydenin köməkçilərinin 2022-ci il noyabrın 2-də onlarla sənəddən ibarət hökumət sənədlərini aşkar etdiyini, yalnız kiçik bir hissəsinin “gizli” kimi təsnif edildiyini açıqlayıb. CNN-in məlumatına görə, sənədlər arasında ABŞ kəşfiyyatının qeydləri və Ukrayna, İran və Britaniya ilə bağlı brifinqlərin materialları tapılıb.

Xəbərlə Bayden Meksikada tanış oldu. Həmin vaxt orada Prezident Andres Manuel Lopez Obrador və Kanadanın Baş naziri Castin Trüdo ilə görüşürdü. Co Bayden onun “beyin mərkəzi”ndə hökumət sənədlərinin tapılmasının onun üçün sürpriz olduğunu deyib və istintaqla əməkdaşlıq edəcəyinə söz verib.

“İnsanlar bilirlər ki, mən məxfi sənədlərə, məxfi məlumatlara ciddi yanaşıram”, - Bayden açıqlamasında qeyd edib.

Ağ Evdən bildirilib ki, Prezidentin vəkilləri aşkar edilmiş sənədləri dərhal Milli Arxivə təhvil veriblər. Onlar ABŞ Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb, sənədlərin Baydenin analitik mərkəzinə necə düşdüyünü və Prezidentin qanunu pozub-pozmadığını soruşublar. Üstəlik, istintaq bütün bu illər ərzində məxfi sənədlərin nə dərəcədə təhlükəsiz saxlandığını və sənədlərə kimlərin çıxışı olduğunu aydınlaşdırmalıdır.

Yanvarın 12-də isə məxfi materialların daha bir partiyasının – Prezidentin hazırda Delaver ştatının Uilminqton şəhərindəki evində aşkarlandığı məlum olub. Sənədlərin dəqiq sayı məlum deyil, lakin onların bəzilərinin Baydenin qarajında, 1967-ci il istehsalı olan “Chevrolet Stingray” adlı nadir idman avtomobilinin yanından bir qədər aralıda tapıldığı bildirilir.

İlk dəfə deyil ki, demokratlar məxfi məlumatların yanlış idarə olunması ilə bağlı qalmaqalın mərkəzində olurlar. 2016-cı ildə, prezidentlik yarışının qızğın vaxtında Hillari Klintonun ABŞ dövlət katibi kimi rəsmi yazışmalar üçün şəxsi poçt serverindən istifadə etdiyi üzə çıxıb. Onun rəqibi Donald Tramp demokrat namizədin davranışını cinayət adlandırıb. Tənqidçilər dövlət poçtu əvəzinə şəxsi poçtdan istifadənin bir tərəfdən Klintonun yazışmalarını hakerlər və casuslar qarşısında daha həssas etdiyini, digər tərəfdən isə rəsminin bəzi məlumatları ABŞ hökumətindən gizlətməsinə şərait yaratdığına diqqət çəkiblər. Qalmaqal Trampın prezidentlik kampaniyasının böyük bir hissəsimə çevrildi və çox güman ki, keçmiş birinci xanıma prezidentlikdən olmaq bahasına başa gəldi.

ABŞ Ədliyyə Nazirliyindəki mətbuat konfransında çıxış edən baş prokuror Merrik Qarland Prezident Co Baydenin ofisində və evində məxfi sənədlərin aşkar edilməsini araşdırmaq üçün xüsusi müşavir təyin olunduğunu elan edib.

Demokrat Partiyasının əsas arqumenti Bayden komandasının könüllü olaraq məxfi sənədlərin aşkar edilməsi barədə səlahiyyətli orqanlara məlumat verməsidir. Trampla bağlı məxfi sənəd qalmaqalında isə bunun üçün məhkəmə qərarı və FTB-nin reydi tələb olundu.

Bundan əlavə, Bayden tərəfdarları siyasətçinin ofisində əhəmiyyətli dərəcədə daha az məxfi sənədlərin tapıldığını vurğulayırlar: Baydendən yalnız bir hissəsi "tam məxfi" olaraq qeyd olunan ondan bir qədər çox sənəd tapılıb. Trampda isə ən azı 325 hökumət sənədi aşkarlanmışdı ki, onların 60-ı yüksək məxfilik dərəcəsinə malik idi. Bu hesablamalar Delaverdə tapılan məxfi sənədlərin son partiyasını nəzərə almır və hər iki siyasətçinin vəkilləri arxivləşdirilməmiş materialları axtarmaqda davam edir. Ona görə də yekun rəqəmlər dəyişə bilər.

Müəllif: Turan Abdulla