Əli Əhmədov: “Sosial xarakterli layihələr daha da genişlənəcək”
Bu gün Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bütün respublika ərazisində bir gündə 650 min ağac əkilir.
AYNA xəbər verir ki, Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov tədbir əsnasında kompaniya ilə bağlı jurnalistlərə açıqlama verib.
"Azərbaycanın bir çox kəndlərində, qəsəbələrində insanlar dəstək xarakteri ilə bu kompaniyaya qoşulublar. Bu hadisə Azərbaycanın ekoloji şəraitini yaxşılaşdırılmasında müsbət rol oynayacaq. Əkilən ağaclar bir neçə ildən sonra Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq", - deyə partiya rəsmisi əlavə edib.
Ə.Əhmədov onu da qeyd edib ki, Azərbaycanda həyata keçirilən siyasətdə sosial yönümlülük qabarıq şəkildə özünü göstərir. Ölkənin iqtisadi inkişafının artması bunu gerçəkləşdirməyə ciddi imkanlar yaradır: "Hər bir Azərbaycan vətəndaşının həyatını yaxşılaşdırmaq üçün müxtəlif sosial layihələrin həyata keçirilməsi genişlənir. Misal olaraq, 2019-cu ildə ölkə əhalisinin çox hissəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün minimum əmək haqları və pensiyaların iki dəfəyə qədər artırılması dövlət tərəfindən ayrı-ayrı kateqoriyalarına verilən güzəştlərin miqdarının çoxalması bu layihələrin ən əhəmiyyətlisidir".
"Eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir neçə illərdir uğurla həyata keçirilən siyasət davam edir. Sosial layihələr üçün ayrılan dövlət vəsaiti də artırılmaqdadır. İnanıram ki, yaxın illərdə Prezidentin dəstəyi ilə məcburi köçkünlər yaşamaq üçün lazımi şəraiti olan evlərlə təmin ediləcəklər. Zəlzələ nəticəsində yaşadıqları evlər qəzalı vəziyyətə düşən insanlar da bu qəbildən olan sosial layihələrlə əhatə olunublar", - deyə Baş Nazirin müavini vurğulayıb.
Ə.Əhmədov onu da qeyd edib ki, bundan sonra Prezidentin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək: "Məqsəd ondan ibarətdir ki, Azərbaycanın artan və genişlənən imkanlarından hər bir vətəndaşın daha çox faydalanmasını təmin etmək mümkün olsun, hər bir vətəndaş üçün daha layiqli həyat şəraiti yaradılsın".