Bakının məşhur bazarında təhlükəli məhsullar aşkarlanıb

Hadisə

20.11.2019 - 12:51

İnsan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib. AQTA-nın mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb.

 

Məlum olub ki, ümumi çəkisi 226 kiloqram mənşəyi məlum olmayan, sümükdən ayrılmış ət və ət məhsulları tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalarda qablaşdırılaraq Cəlilabad rayon sakini Həsənov Rövşən Yunus oğlu tərəfindən həmin rayondan tədarük edilir. Araşdırma zamanı bəlli olub ki, orqanoleptik göstəricilərinə görə, istehlaka yararsız olan ət və ət məhsulları 15-BP-575 dövlət nömrə qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil vasitəsilə bazarda fəaliyyət göstərən “Bolluq” marketə gətirilərək satılır.

Ayna.az