Bakı polisi sadisti cəzalandırmağa tələsmir – <font color=red> Ortada fakt və qanunun tələbi var</font>

Cəmiyyət

26.08.2021 - 23:09

“Xüsusi qəddarlıq barədə məlumatlar sosial şəbəkələrdə yayılırsa, o zaman polisin xüsusi nəzarətinə götürülməlidir”

 

Bu yaxınlarda heyvan hüquqları fəalı Marina Eroğlu orta yaşlı bir adamın itlərə necə işgəncə verdiyini göstərən bir video yaydı. Onun bildirdiyinə görə, sözügedən video Sabunçu rayonundakı “Savalan” yaşayış massivində yaşayan Aleksey tərəfindən çəkilib (soyadını göstərməyib).

 

Məsələ ilə bağlı Aleksey adlı şəxs (təəssüf ki, bizə də soyadını vermədi) AYNA-ya deyib ki, o, baş verənlər barədə yerli polisə xəbər verib: "Polis gəldi və bu sadistlə söhbət apardı, amma təəssüf ki, heç bir tədbir görmədilər".

 

Xatırlatmaq istərdik ki, İnzibati Xətalar Məcəlləsinin 129.1. maddəsinə əsasən heyvanlara qarşı qəddarlıq, onların ölümü və ya xəsarət alması müqabilində beş yüz manat məbləğində cərimə tətbiq edilməsini nəzərdə tutur. Bəs, niyə polis bu sadistə qarşı tədbir görmür?

 

Cavab almaq üçün “Savalan” yaşayış massivinin yerləşdiyi Sabunçu rayonu 14 saylı polis bölməsinə müraciət etdik. Bölmənin Ələkbərov soyadlı növbətçisinin AYNA-ya dediyinə görə, heyvanlara işgəncə verilməsi ilə bağlı məlumatları yoxlamaq üçün şikayət ərizəsi yazılması lazımdır: “Yalnız bundan sonra bu məlumatları yoxlaya biləcəyik”.

 

Lakin Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin sözlərinə görə, heyvanlara qarşı qəddarlıq barədə məlumatlar sosial şəbəkələrdə yayılırsa, o zaman polisin xüsusi nəzarətinə götürülməlidir.

 

Heyvan hüquqları müdafiəçisi Sitara İbrahimova da hazırkı durumdan narahatdır: “Azərbaycanda heyvan işgəncəçisi günahı sübuta yetirilərsə, bunu edən şəxs 500 manat cərimə şəklində inzibati cəza ilə üzləşəcək. Ancaq bu cəza sadistləri dayandırmır”.

 

Həmsöhbətimiz əmindir ki, Azərbaycanda heyvanlarla qəddar rəftara görə inzibati cəzanı cinayət cəzası ilə əvəz etmək lazımdır.

 

Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu da hesab edir ki, heyvanlara qarşı qəddarlığa görə verilən cəzaya yenidən baxmaq lazımdır: “Heyvanlara qarşı qəddarlığa görə inzibati cəzanı cinayət cəzası ilə əvəz etməyin vaxtıdır. Mən özüm bir dəfə it saxlamışam. Bir insanın heyvanların Rəbbin onlara verdiyi həyatını almaq haqqının olmadığını bilməlisən”.

 

Ümid edirik ki, 14-cü polis bölməsinin polis əməkdaşları şikayətin olmamasına baxmayaraq, sosial şəbəkələrdə yayılan videoya reaksiya verəcək və bu sadistə ən azı inzibati cəza tədbiri tətbiq edəcəklər.

Müəllif: Rəşad Rüstəmov