Rafiq Əliyev: “Kimin sualı varsa, 956 Çağrı Mərkəzinə müraciət etsin, yerində araşdıraq”
Noyabr ayının 15-dən ölkə üzrə istiliyin verilməsinə başlanılmalı idi. Bu barədə “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev də mətbuata açıqlamasında bildirmişdi ki, qeyd olunan tarixdən Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə başlanılıb. Lakin bu gün gecə saatlarından havanın temperaturunun yenidən aşağı düşməsi və istiliyə olan tələbatın artmasından sonra insanların istiliyin verilməməsi ilə bağlı şikayətləri yayılmağa başlayıb. Bir sıra yerlərdə istiliyin verilmədiyi deyilir.
Bu barədə AYNA-nın sorğusunu cavablandıran “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, bütün qazanxanalar işləyir: “Bu barədə heç bir problem yoxdur. Kimin də sualı varsa, 956 Çağrı Mərkəzinə müraciət etsin, yerində araşdıraq”.
O qeyd edib ki, mövsüm başlayanda adətən belə problemlər çox olur və Çağrı Mərkəzinə həmişə yüzlərlə zəng gəlir: “Problem müxtəlif səbəblərdən qaynaqlanır. Bəzən sistemdə hava qalır, axırıncı mərtəbələrdən havanı buraxmaq lazımdır. Dövriyyə getmir deyə belə problemlər ola bilir. Bəzən də kiminsə mənzilində radiator bağlı olur. Bütün mərtəbə istilik almır, dövriyyə getmir və ya kimsə təmir edəndə aşağıdan xətti bağlayır və s. Yəni fərdi qaydada baxmaq lazımdır”.
O bildirib ki, respublika ərazisində olan məktəblərin 281-i “Azəristiliktəchizat” mənbələrindən istiliklə təmin olunur və istiliyin verilməsi ilə bağlı hansısa problemlə hələ ki onlara müraciət daxil olmayıb: “Bu gün bu saata qədər nə bir məktəbdən, nə Bakı Şəhəri üzrə Təhsil İdarəsində, nə də Təhsil Nazirliyindən hansısa məktəbdə istiliyin olmaması ilə bağlı bizə heç bir müraciət daxil olub. Hansı məktəbdə problem varsa, desinlər, nümayəndə göndərək”.