Azərbaycanlı “dəmir ledi”: “Həmişə layiqli rəqiblərlə döyüşmüşəm”

İdman

19.08.2020 - 23:14

Onların sənin adını qışqırdıqlarını eşitdiyin zaman əlavə enerji alırsan – Suad Səlimova

 

Azərbaycanda ilk və hələ də yeganə qız - peşəkar MMA (qarışıq döyüş sənəti) döyüşçüsü Suad Səlimova "qəfəsdə" (oktaqonda) keçirəcəyi ikinci döyüşünə hazırlaşır. Mübarizə sentyabrın 19-da Krefelddə (Almaniya) planlaşdırılır.

 

İdman dünyasında "Azərbaycandan olan dəmir ledi" kimi tanınan Suad AYNA-ya müsahibəsində vacib döyüşə necə hazırlaşmasından danışıb:

 

- Mübarizəyə harada və necə hazırlaşırsınız?

 

- Mən Hollandiyadayam və burada intensiv rejimdə, sentyabrda keçiriləcək döyüşə hazırlıqlarım davam edir. Gündə iki dəfə məşq edirəm. Fiziki fəaliyyətimi istirahət və düzgün qidalanma ilə əlaqələndirirəm. Yaxın günlərdə Cənubi Afrikadan olan MMA məşqçimlə daha da intensiv məşq prossesi olacaq. Döyüş ruhum yüksəkdir və həmvətənlərimin böyük dəstəyini hiss edirəm. Bu da çox vacib amildir. Tez-tez deyirəm ki, məqsədim özümü yalnız sözlə deyil, əməldə göstərməkdir.

Oxu.az - «Железная девушка»: Будущий муж должен гордиться мной - ВИДЕО

- Almaniyadan olan rəqibiniz Katarina Dalisda haqqında nə deyə bilərsiniz?

 

- Əvvəla, demək istəyirəm ki, həmişə layiqli rəqiblərim olub. MMA-ya gəlməzdən əvvəl 16 həvəskar və 6 peşəkar kikboksinq döyüşü keçirmişəm. Katarina ilə ilk dəfə görüşdüyüm üçün bu mərhələdə dəqiq bir şey söyləmək çətindir. Yalnız döyüşə çox ciddi hazırlaşdığını qeyd edə bilərəm.

 

- Karantin səbəbindən döyüşlərə ara verdikdən sonra yenidən formanızı yığa bilmisinizmi?

 

- Pandemiya və karantin, şübhəsiz ki, hər insana, həyatımızın bütün sahələrinə təsir etdi. Həmkarlarım - idmançılar üçün də asan deyildi. Düzdür, bir gün belə idmansız qalmadım, amma tam qaydada məşq etmək imkanının olmaması təbii ki, formama da təsir etdi. Tədricən əvvəlki idman formamı yığıram. Hələ ki, nəticədən məmnunam.

 

- Bu dövr, ümumiyyətlə sizə necə təsir etdi?

 

- Hər bir problemin iki tərəfi olduğu qənaətindəyəm. Ancaq indi əlimizdə olanları daha çox qiymətləndirməyə başlamışıq. Mənim vəziyyətimdə, nə qədər adi səslənsə də, əsas məhrum olduğum şey idman zallarındakı adi məşqlərdir. Həqiqətən, karantin zamanı mən ya evdə ya da bağda məşq etməliydim.

 

- Döyüş günü yaxınlarınızın dəstəyi sizin üçün hansı rolu oynayır? Tamaşaçılar arasında kimləri görmək istərdiniz?

 

- Təəssüf ki, indi, ümumiyyətlə zalda tamaşaçı görmək mümkün görünmür. Qarşıdakı döyüş onlayn olaraq keçiriləcək. Ancaq əlbəttə ki, yaxınlarınızın dəstəyini hiss etmək, yaxın olduqlarını, zalda olduğunu, izlənildiyini və azarkeşlik edənlərin varlığını bilmək həmişə çox xoşdur. Onların sənin adını qışqırdıqlarını eşitdiyin zaman əlavə enerji alırsan. Bu anlar çox stimullaşdırıcıdır və idmançıda adrenalini artırır.

Müəllif: İradə Əsədova