Azərbaycandan Rusiyaya gedən İran TIR-ları nəzarətə götürülüb

Cəmiyyət

05.03.2020 - 18:46

"Hazırda virusun yayılma ehtimalının qarşısının alınması üçün belə bir addım atılır"

 

Martın 4-ü axşam saatlarında Bakı-Astara yolunun üzü şimal istiqamətində qeyri-adi mənzərə ilə qarşılaşdıq. Belə ki, ard-arda düzülmüş, azı 100-ə qədər TIR karvanı Bakı-Astara yolunun, təxminən Biləsuvar rayonu ərazisindən keçən hissəsində (qaranlıq olduğu və nişan qoyulmadığı üçün dəqiq ərazini müəyyənləşdirmək mümkün olmadı) dayanmışdı. Karvanın əvvəlində və sonunda isə Dövlət Yol Polisi maşınları və əməkdaşları vardı.

 

Bu mənzərənin haradan qaynaqlandığına, daha doğrusu nə baş verdiyinə AYNA tutmaq məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxladıq. Məlum oldu ki, məsələ koronavirus təhlükəsi ilə əlaqədarmış.

“İrandan gələn bütün yük maşınlarını, istər İrana məxsus olsun, istərsə də Rusiyaya, Azərbaycanın şimal sərhədinə qədər Dövlət Yol Polisi əməkdaşları müşayiət edir. Düzdür, indiyə qədər həmin sürücülər sərhəddə yoxlanılırdı. Ancaq hazırda virusun yayılma ehtimalının qarşısının alınması üçün belə bir addım atılır", - Əliyev bildirib.

 

"Yəni bu, qonşu ölkədə virusun aşkarlanmasından sonra görülən ehtiyat tədbirlərinin bir hissəsidir. Yük maşınları müşayiət olunur ki, onların sürücüləri kənara getməsinlər, bizim ölkə vətəndaşları ilə ünsiyyətdə olmasınlar”, - deyə DYP rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

 

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilmiş məlumatda qeyd olunub ki, yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycan Respublikasının bu qərarı barədə İran İslam Respublikasına məlumat verilib.

 

İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunub.

Müəllif: Rumiyyə Miraslan