Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbuluna başlanılıb

Mədəniyyət

07.09.2021 - 15:37

Filmlər komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır

Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

Ə.Vəliyev qeyd edib ki, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi Komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici filmlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən Komissiyaya 1 nüsxə Dvd formatında təqdim olunması qərara alınıb.

Qeyd edək ki, filmlər geri qaytarılmır və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılır.

Filmlər komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.

Müəllif: Ayna.az