“Azərbaycanda COVID-19-la bağlı adekvat addımlar atılıb” - <font color=red> PREZİDENT</font>

Aktual

04.12.2020 - 10:58

İlham Əliyev: “Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur”

 

“Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var”.

 

AYNA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasındakı çıxışında söyləyib.

 

Ölkə başçısı bildirib ki, milli və beynəlxalq səviyyədə məsuliyyət nümayiş etdirən Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı olub: “Mən Zirvə görüşü çərçivəsində BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsini təklif etmişdim. Qoşulmama Hərəkatının bütün 120 üzvü həmin təklifi dəstəkləmişdir. Bu, onların “Bandunq Prinsipləri”, Hərəkatın dəyərləri, multilateralizm və beynəlxalq həmrəyliyə sadiqliyini bir daha vurğulamış oldu. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsü dəstəkləmişdir”.

 

“Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılmışdır. Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır. Pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2.5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilmişdir. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilmişdir”.

 

“Hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib. Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Biz pandemiyanın ilk vaxtlarında dəyərli tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata minnətdarıq. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir”, - deyə Prezident qeyd edib.

Müəllif: Ayna.az