Azərbaycan Rusiyanı Türkiyə bazarında sıxışdırır

İqtisadiyyat

08.12.2019 - 11:00

“Keçən illə və bu ili müqayisə etsək, görərik ki, “Qazprom”un payı azalıb, Azərbaycanın payı isə artıb”

 

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin bir hissəsinin açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Avropa ölkələrinin bir sıra rəsmi nümayəndələri iştirak etdilər.

 

TANAP həmişə, bu layihəni Türkmənistan qazı olmadan mənfəətsiz hesab edən ekspertlər arasında qızğın müzakirələrə səbəb olub. Buna baxmayaraq, layihə həyata keçirildi və Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "maliyyə yükü əsasən Azərbaycan və Türkiyənin çiyinləri üzərinə düşdü".

 

Layihənin Türkiyəyə daha çox iqtisadi faydası olacağını hesab edənlər də var. Mövzunu AYNA-ya şərh edən Neft Araşdırmalar Mərkəzinin (NAM) rəhbəri İlham Şabanın sözlərinə görə, Azərbaycan və Rusiya qaz bazarları uğrunda yarışır: “Keçən il və bu il Rusiyanın “Qazprom” şirkətinin Türkiyə bazarındakı payını müqayisə etsək, görərik ki, “Qazprom”un payı azalıb, Azərbaycanın payı isə artıb. Əgər 2021-ci ilin proqnozlarına baxsaq, bu, təqribən 12 milyard kubmetrdir”.

Nicat Hacıyev