Zədələnmiş pulları AMB-nin kassalarında dəyişdirmək olar, amma...

İqtisadiyyat

24.10.2023 - 18:10

Deputat: “Zədələnmiş əsginaslarınızı dəyərindən aşağı dəyişdirməyə ehtiyac yoxdur”

Nağd pulun dövriyyədən çıxacağı və yerini nağdsız ödənişlərə buraxacağı barədə çoxdan danışılır. Amma bu hələ baş verməyib və bizdə ödənişlərin yalnız 40%-ni nağdsız əməliyyatlar təşkil edir.

Nağd ödəniş vasitəsi olan kağız pulların zədələnməsinin və ödəniş qabiliyyətini  itirməsinin tez-tez şahidi oluruq. Mövcud qanunvericiliyə görə, milli əsginaslar hansısa səbəbdən  zədələnərsə, Mərkəzi Bankda və ya kommersiya banklarında dəyişdirilə bilər. Bu məqsədlə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) paytaxtda (Bülbül pr. 27 ünvanında) və respublikanın regionlarında fəaliyyət göstərən ərazi idarələrində əhaliyə xidmət göstərən xüsusi kassaları mövcuddur. Amma təəssüflər olsun ki, vətəndaşlarımızın heç də hamısı bundan xəbərdar deyil.


Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, Mərkəzi Bank zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi mümkün olan xüsusi kassaların fəaliyyətinin davam etdirilməsi ilə bağlı məlumat yayıb. : “Zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı ölkədə mövcud olan prosedurdan heç də bütün vətəndaşlarımız məlumatlı deyil. Ona görə də müəyyən çətinliklərlə üzləşirlər. Çox vaxt insanlar bu cür nağd pulu fərdi şəxslərdən öz dəyərinin bir hissəsinə dəyişirlər. Əslində, əsginas zədələnsə belə, buo demək deyil ki, o dəyərini itirib və eyni nominalda yenisi ilə dəyişdirilə bilməz”.

“Dəyişdirilmə üçün heç bir maneə yoxdur. Vətəndaşlar təkcə paytaxtda (Bülbül pr. 27 ünvanında) deyil, Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar və Qubada da Mərkəzi Bankın ərazi idarələrinə müraciət edərək milli pul nişanlarını dəyişdirə bilərlər. Bunun üçün heç bir komissiya yoxdur və dəyişdirilmə üçün məqbul olan sahəsini saxlayan həqiqi zədələnmiş pul, şübhəsiz ki, yeniləri ilə dəyişdiriləcək”, - deyə deputat bildirib. Bayramovun sözlərinə görə -  “Zədələnmiş pullar onların sonrakı taleyinə aydınlıq gətirmək üçün yuxarıda adıçəkilən Mərkəzi Bankın kassalarına aparılmalıdır -  əsginasın həqiqiliyi təsdiqlənərsə, mütləq dəyişdiriləcək. Belə ki, əgər  zədələnmiş əsginaslarınız varsa, onları üçüncü şəxslərlə dəyərindən aşağı dəyişdirməyə ehtiyac yoxdur”.

Cari ilin yayında belə əsginasların taleyi ölkə parlamentində həll olunub. “Mərkəzi Bank haqqında” qanuna edilən dəyişikliklər  milli pul nişanlarının dəyişdirilməsinə yanaşmaları yeniləyib. Belə ki, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanlarınınn nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. Bununla yanaşı, eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanlarının nominal dəyəri də Mərkəzi Bank tərəfindən ödənilir. Kağız pul nişanları ilə yanaşı, vətəndaşlarımız bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanlarını da məhdudiyyətsiz Mərkəzi Bankın kassalarında dəyişə bilərlər.

Sadə dillə desək, dəyişdirilmə üçün məqbul olan səthi saxlayan həqiqi zədələnmiş milli pul nişanı mütləq yeniləri ilə dəyişdiriləcək. Pul nişanının həqiqiliyi ilə bağlı hər hansı bir şübhə yaranarsa qanunla müəyyən edilmiş müddətdə Mərkəzi Bank tərəfindən ekspertizası həyata keçirilir və bundan sonra şübhəli pulun sahibinə nəticə barədə məlumat verilir. Artıq qeyd edildiyi kimi, Mərkəzi Bankın kassalarında  milli pul nişanlarını dəyişdirən zaman heç bir komissiya tətbiq edilmir. Lakin, kommersiya banklarında  bu prosedur üçün komissiya tətbiq edilə bilər .

Qanuna görə, kommersiya banklarının komissiya tələb etmək hüququ var və bu komissiyanın həcmi onların tarif siyasətindən asılı olacaqdır. Ona görə də ən yaxşısı Mərkəzi Bankın  kassalarına müraciət etməkdir. Çünki fərq yoxdursa, zəhmətlə qazandığınız pulu başqasına niyə verirsiniz?

Müəllif: Emma Rzayeva