Zaparojye AES-in işğalı: ikinci Çernobıl faciəsi və ya Rusiya Avropada fəlakət törədəcəkmi?

Dünya

27.08.2022 - 22:04

Fukusimadakı kimi qəza ola bilər: təəssüf ki, rusların Ukraynadakı hərəkətlərini nəzərə alsaq, belə bir risk var

Avqustun 25-də tarixdə ilk dəfə olaraq Zaporojye Atom Elektrik Stansiyası bağlandı. İşğalçıların hərəkətləri AES-in elektrik şəbəkəsindən tamamilə ayrılmasına səbəb oldu. Belə bir ssenarinin mümkünlüyü barədə ekspertlər uzun müddət idi ki, xəbərdarlıq edirdilər. Aydındır ki, rusların əsas məqsədi Zaporojye AES-i Ukraynanın inteqrasiya olunmuş enerji sistemindən Krım vasitəsilə Rusiya Federasiyasının sisteminə keçirməkdir. Məsələn, enerji çatışmazlığı olan Kuban və Stavropol diyarını bu vasitə ilə əmin etmək niyyətindədirlər.

Bununla belə, Zaporojye AES-i Rusiyanın enerji şəbəkələrinə qoşmaq üçün Ukrayna ilə əlaqəni kəsmək lazımdır. Ona görə də Rusiya sirk səhnələşdirir. Və Avropanın ən böyük atom elektrik stansiyasının işğalına haqq qazandırmaq üçün ruslar daim Ukraynanı AES-i atəşə tutmaqda ittiham edirlər.

İndi təhlükə ondan ibarətdir ki, onlar Ukrayna sistemini Zaparojye AES-lə birləşdirən elektrik şəbəkələrini kəsiblər. İndi bildiyimə görə, xətlərdən biri bərpa olunub. Yəni stansiyanın iki işləyən enerji bloku şəbəkədən ayrılıb, sonra onlardan biri işə salınıb. Beləliklə, istismarda olan reaktor nüvə yanacağının soyutma sistemləri də daxil olmaqla, stansiyanın özünün daxili ehtiyacları üçün elektrik enerjisini təmin etməyə davam edir.

Məncə, böyük qəza ancaq Kremlin göstərişi ilə baş verə bilər. Yəni ki, əgər işğalçılar AES-də partlayış planlaşdırırlarsa, (onlar prinsipcə, bunu təşkil edə bilərlər) bunu raketlərin və ya nüvə yüklərinin köməyi ilə edə bilərlər. Bununla belə, bunun üçün böyük səy tələb olunacaq. Axı Rusiya raketi reaktorun özünü vursa, irimiqyaslı fəlakət - Avropada əsl fəlakətin olması mümkündür.

Bununla belə, Zaporojye AES-də təhlükəsizlik sistemlərinin kifayət qədər güclü olduğunu və yüksək beynəlxalq standartlara cavab verdiyini nəzərə alsaq, mən Çernobıl kimi irimiqyaslı qəza təhlükəsi üçün hələlik heç bir risk görmürəm.

Lakin yerli səviyyədə qəzaları istisna etmək olmaz. Məsələn, Rusiya AES-də yerləşən işlənmiş nüvə yanacağının quru anbarını atəşə tutsa, radiasiya sızması mümkündür. Bu halda Fukusimadakı kimi qəza ola bilər. Təəssüf ki, rusların Ukraynadakı hərəkətlərini nəzərə alsaq, belə bir risk var.

Hazırda AES ərazisində radiasiya səviyyəsi hələ də artmayıb. Vəziyyətin gələcəkdə necə inkişaf edəcəyini söyləmək çətindir. Bəli, o təhlükəlidir. Bu təhlükəni isə Rusiyanın şantajı və Kremlin məsuliyyətsiz hərəkətləri yaradır.

Bu gün təhlükəli ərazilərin boşaldılmasına ehtiyac varmı? Suala cavab 50-nin 50-yədir. Hesab edirəm ki, belə bir qərarı Milli Təhlükəsizlik və Müdafiə Şurası yerli hakimiyyət orqanları və ölkənin ali rəhbərliyi ilə birgə qəbul edə bilər.

Ancaq bir daha təkrar edirəm: radiasiyanın səviyyəsini artırmaq üçün Rusiya Federasiyasının, məsələn, işlənmiş nüvə yanacağı üçün quru anbarı məhv etməsi və ya nüvə bloklarından birinin məhvinə səbəb olması lazımdır. İndi bu baş verməyib və inanmaq istəyirəm ki, olmayacaq.

Müəllif: Vladimir Omelçenko - Razumkov Mərkəzinin enerji proqramlarının direktoru

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: Turan Abdulla