Yarımçıq tələbə

Cəmiyyət

08.08.2020 - 15:00

Talelərinə COVID-19 pandemiyası ilə mübarizə şəraitində imtahan vermək düşən builki abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə hazırlaşır. Abituriyentləri qayğılandıran təkcə ciddi epidemioloji vəziyyətdə verəcəkləri imtahan deyil. Onları eyni zamanda da imtahanın ikinci mərhələsində yüksək temperaturu olduğu və ya hansısa üzrlü səbəbdən iştirak edə bilmədikdə nə edəcəkləri düşündürür. Axı heç kəs virusdan və başına gələcək digər olaylardan sığortalanmayıb.

“Növbəti günlərdə keçiriləcək qəbul imtahanlarında temperaturu normadan artıq olan və ya virusa yoluxduğu üçün imtahanda iştirak edə bilməyən abituriyentlər üçün sonradan imtahanda iştirak etmək hüququ yaradılacaqmı? Onların aqibəti necə olacaq? Həmin şagirdlərin ayrıca otaqlarda imtahan verməsi ilə bağlı DİM tərəfindən hansısa addımlar atılması gözlənilirmi?” Abituriyent və valideynləri düşündürən bu sualları DİM-ə ünvanladıq.

“Bizim əsas məqsədimiz, hamı üçün tam təhlükəsiz şəraitdə imtahanların keçirilməsi olub”. Bunu AYNA-ya açıqlamsında DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib: “Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayının 10-dan etibarən buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılıb. Bu tarixdən sonra keçirilən bütün imtahanlar pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub. İmtahan özlüyündə kütləvi bir prosesdir, on minlərlə insan iştirak edir. Bizim əsas məqsədimiz, hamı üçün tam təhlükəsiz şəraitdə imtahanların keçirilməsi olub. Buna görə də imtahanlar zamanı insanların sağlamlığına hər hansı bir təhlükənin yaranmaması üçün bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlərdən biri də iştirakçının sağlamlıq haqqında bəyannamə təqdim etməsi və binaya daxil olarkən bədən  temperaturunun ölçülməsidir. Hər imtahandan sonra bədən temperaturunun yüksək olduğu üçün imtahana buraxılmama halı olubsa, bununla bağlı məlumat verilib. Ümumilikdə 40-a yaxın belə hal olub”.

X.Xanlarzadə qeyd edib ki, indiyə qədər bu imtahanlarda temperatur, eləcə də digər üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün DİM-ə tam sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra  növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb: “Onlar da gəlib imtahan veriblər. Çünki buraxılış (qəbul) imtahanları müəyyən istiqamətlər üzrə keçirilib və ay yarımdan artıq davam edib.  Buna görə də həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb. Lakin təbii ki, bu proses yekunlaşmalıdır və zəncirvari şəkildə davam edə bilməz”.

Qəbul imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməyən abituriyentlərlə qaldıqda isə X. Xanlarzadə bildirdi ki, indiki halda əlavə imtahanların keçirilməsi üçün vaxt yoxdur və imtahanlar yalnız bir dəfə keçirilir: “Qəbul imtahanlarına gəldikdə isə imtahanların ikinci mərhələsinin II və III ixtisas qrupları üzrə 13-14 avqust, I və IV ixtisas qrupları üzrə ondan sonrakı həftədə 2 gün ərzində keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə qəbul imtahanlarının ikinci mərhələsi 2 dəfə keçirilirdi və yuxarıda qeyd olunan təsadüfi hallardan sığortalanmaq olurdu. İndiki halda isə əlavə imtahanların keçirilməsi üçün vaxt yoxdur və imtahanlar yalnız bir dəfə keçirilir. Burada isə on minlərlə insan iştirak edəcək və onlar dərhal öz nəticələrinin elan olunmasını gözləyəcəklər. Əlbəttə bu prosesi bir neçə nəfərə görə gecikdirmək olmaz. Çünki imtahanlardan sonra materiallar emal edilməli və nəticələr açıqlanmalıdır ki, abituriyentlər ixtisas seçimi etsin və müsabiqə həyata keçirilsin”.

Məsələ ilə bağlı AYNA-ya danışan təhsil eksperti Kamran Əsədov imtahan günü qızdırması olan şagirdlərin imtahan keçirilən binalara buraxılmamasını ədalətsizlik hesab edir: “Dövlət İmtahan Mərkəzinin pandemiya ilə əlaqədar həyata keçirdiyi qabaqlayıcı addımlar təqdir edilməlidir. Ancaq imtahan günü qızdırması olan şagirdlərin imtahan keçirilən binalara buraxılmaması abituriyentlərə qarşı haqsızlıqdır. İmtahan iştirakçılarının sağlamlığı və təhlükəsizliyi baxımından bu addımlar anlaşılan olsa da, mövcud vəziyyətdə bu qaydaların abituriyentlər arasında panika yaradacağı ehtimalı da nəzərə alınmalıdır. Öz adıma deyə bilərəm ki, koronavirus səbəbilə abituriyentlərin imtahanlara buraxılmaması və ya nəticələrinin ləğv edilməsinin düzgün olmadığını düşünürəm. Nəzərə alsaq ki, mart ayının 3-ündən tədris prosesi dayanıb, şagirdlər ciddi karantin rejimində yaşayıblar. Onları da anlamaq lazımdır. Ən azından əlavə otaq ayırmaqla bu məsələni həll etmək olar”.

Ekspert qeyd edir ki, indiyə qədər keçirilən imtahanlarda 160 mindən çox şagird iştirak etsə də, 30-a yaxın şagird temperaturu normadan yüksək olduğuna görə imtahana buraxılmayıb: “İndiyə qədər keçirilən imtahanlarda yəni, buraxılış imtahanlarında iştirak etməyənlər sonradan bu tipli təkrar imtahanlarda iştirk edərək yaranmış boşluğu aradan qaldıra bilirdilər. İndi isə situasiya bir az başqadır. Buraxılış imtahanlarının 1 imtahan günündə 24-26 min nəfər iştirak etmişdisə, indi iki imtahan günüdə 19 min imtahan iştirakçısı iştirak edəcək. Bundan başqa eyni tipli imtahanlar növbəti həftələrdə də təşkil olunacaq. Əgər hansısa şagird bu səbəbdən imtahandan kənarlaşdırılırsa, təkrar DİM-ə ərizə ilə müraciət edib növbəti imtahanlarda iştirak etmək üçün ona şərait yaradılmasını tələb edə bilər. Nəzərə alsaq ki, 13-14 avqustda II və III qrup abiturieyntləri imtahan vercəklər. Eyni qrup abituriyentlər bir də bir neçə həftə sonra imtahanda iştirak etmək hüququna malik olacaqlar. Ona görə də bu dəfə imtahanda istilik və ya digər səbəbdən iştirak etməyənlərə növbəti həftələrdə şərait yaratmaq olar. Çünki cari ildə imtahanlar müxtəlif vaxtlarda, müxtəlif bölgələrdə təşkil ediləcək”.

“Bundan başqa imtahanlarda iştirak edənlərin sayının azlığını nəzərə alsaq DİM ayrıca otaq təşkil etməklə həmin şagirdlərə şərait yarada bilər. Əgər həmin şagird özünü imtahana hazır hissə edirsə, o zaman iştirak edə bilər”, - deyə Əsədov söyləyib.

Ekspert şagirdlərə səbirli olmağı, sanitar epidemioloji qaydalara riayyət etməyi və tövsiyələrini də bildirib: "Əgər imtahana girişdə yoxlama zamanı abituriyentin temperaturu normadan artıq olarsa, o zaman bir az dincəlib, özünü sərinlədib təkrar yoxlana bilər. Artıq son günlər görülən qabaqlayıcı tədbirlər nəticəsində virusa yoluxma aşağı düşüb. Deməli, şagirdlər üçün təhlükə azalıb. İmtahan vercək şəxslərə imtahan günü isti, günəşli yerlərdə çox dayanmamağı, imtahana gələrkən əlavə soyuq su gətirmələrini və imtahan binasına daxil olanda əl-üzlərini yumağı tövsiyə edirəm”. 

Aləmdə Nəsib

Müəllif: Aləmdə Nəsib