Yaralıların vəziyyəti barədə son məlumat

Hadisə

30.10.2019 - 10:47

Onlardan birinin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir

 

Dünən Xəzərdə baş vermiş partlayış zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən 3 nəfərin vəziyyəti barədə son məlumat açıqlanıb. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir.

 

Digər iki nəfər isə cərrahiyyə şöbəsində palataya köçürülüblər. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

 

Xatırladaq ki, oktyabrın 29-u saat 13:30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

 

AYNA SOCAR-a istinadən xəbər verir ki, partlayış nəticəsində şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub.

 

Hadisə yerində olan şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıb. Daha sonra Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər.

 

Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.

 

Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılıb. Hazırda hadisə yerində araşdırma aparılır.

Müəllif: Ayna.az