Xərçəng, demensiya və aritmiya: dünya Baydenin səhhətini müzakirə edir

Dünya

26.07.2022 - 22:54

ABŞ Prezidentinin reytinqi antirekordları yeniləyir: bir həftə ərzində siyasətçi dəstəyini üç faiz itirib

ABŞ Prezidenti Co Baydenin ötən həftə koronavirusa yoluxduğu məlum olub. Cümə axşamı, iyulun 21-də Ağ Evin mətbuat katibi Karin Jan-Piyer Prezident Baydendən COVID-19 üçün götürülən testin cavabı pozitiv çıxıb. Ağ Evdən verilən açıqlamada qeyd edilib ki, ABŞ lideri vaxtı-vaxtında peyvənd olunub.

"Prezident Bayden bütün dozalar üzrə vaksinasiyadan keçib. Ona görə də xəstəliyi çox yüngül simptomlarla keçirir", - məlumatda qeyd edilib.

Bayden müalicə müddəti üçün Ağ Evdə təcrid olunub və vəzifələrini məsafədən yerinə yetirməkdə davam edir. Prezident növbəti testlərin cavabı mənfi göstərənə qədər planlaşdırılmış görüşlərini telefon və "Zoom" vasitəsilə həyata keçirəcək.

Bayden virus əleyhinə “Pakslovid” preparatını qəbul etməyə başlayıb. ABŞ tibbi tənzimləyicisinin saytında dərmanın ağır xəstəlik riskinə qarşı istifadə edildiyi bildirilir.

Rusiyalı virusoloq Aleksandr Butenko isə hesab edir ki, koronavirusun hazırkı ştammı ABŞ Prezidentinin səhhətini təhdid etmir. Rusiyanın Elmi-Tədqiqat Virusologiya İnstitutunun laboratoriya müdiri İvanovskinin sözlərinə görə isə Bayden indi bütün dünyada yayılmış omikron ştammının alt növlərindən birinə yoluxub. Koronavirusun omikron ştammı yaşlı adamlar üçün də təhlükə vəd etmir. 

Qeyd edək ki, ABŞ Prezidentinin hazırda 79 yaşı var.

Amerika lideri COVID-19-a yoluxma ərəfəsində xərçəng xəstəliyinin olduğunu etiraf edib. İqlim dəyişikliyi ilə bağlı böhranın nəticələrinin aradan qaldırılmasına həsr olunmuş tədbirdə Bayden bir çox həmyerliləri kimi ətraf mühitin çirklənməsi nəticəsində yaranan xərçəng xəstəliyinə tutulduğunu deyib. 

Xatırladaq ki, Bayden bir çox neft emalı zavodlarının yerləşdiyi Delaver ştatının Kleymont şəhərində böyüyüb. 

Prezidentin bu açıqlamasından dərhal sonra Ağ Ev Baydenin vəzifəsinin icrasına başlamamışdan əvvəl götürülən analizlərdə dəridəki qeyri-melanoma tipli xoşxassəli yenitörəmələrin olduğunu, Prezidentin indi bunu nəzərdə tutaraq xərçəng olduğunu dediyini açıqlayıb.

Ümumiyyətlə, zaman-zaman dünya mediasında və sosial şəbəkələrdə Baydenin sağlamlıq vəziyyəti ilə bağlı müxtəlif məlumatlar dərc edilib.  Bir müddət əvvəl ABŞ liderinin mümkün demensiyası barədə məlumat yayılmışdı.

25 noyabr 2021-ci ildə onun şəxsi həkimi Kevin O'Konnor prezidentin boru adenomasının çıxarıldığını söylədi. Bu, potensial olaraq xərçəng xəstəliyindən əvvəl xoşxassəli böyümə hesab olunur. Həkim bildirmişdi ki, bu, Prezidentin xüsusi terapiyaya ehtiyacı olduğu anlamına gəlmir. 

Eyni zamanda, O'Konnor vurğulamışdı ki, Bayden atriyal fibrilasiya, hiperlipidemiya, qastroezofagial reflü, mövsümi allergiya, ayaqların yüngül sensor neyropatiyasından əziyyət çəkir: "Amma bütün bunlara baxmayaraq Prezident sağlam və enerjili insandır və dövlət başçısı vəzifələrini layiqincə yerinə yetirə bilər"

Lakin O'Konnorun həmkarları onunla razılaşmır. Məsələn, "American Thinker" jurnalında yazan həkim Kristofer Beyker bildirmişdi ki, Bayden yenidən prezidentliyə namizəd olub seçilərsə, vəzifəsini ikinci müddətdə sona qədər icra edə bilməyəcək. Mütəxəssis hesab edir ki, Baydenin demensiyası inkişaf edir: "Orta hesabla, demanslı bir insan diaqnozdan sonra dörd ildən bir qədər çox yaşaya bilər. Birləşmiş Ştatlar prezidentinin kövrək, bərbad, ruhdan düşmüş qoca olması milli faciədir".

Qeyd edək ki, Beyker Amerika Assosiasiyasının və Neyrocərrahlar Konqresinin üzvü, beyin damarlarının öyrənilməsi və neyrocərrahiyyə sahəsində nailiyyətlərə görə mükafatlar laureatı, beyin zədələrinin öyrənilməsi üzrə mütəxəssisdir. 

Yeri gəlmişkən, ABŞ Prezidentinin reytinqi antirekordları yeniləyir. İyulun 20-də məlum olub ki, amerikalıların yalnız 36 faizi Baydenin siyasətini dəstəkləyir ki, bu, onun ABŞ Prezidenti olduğu dövrdə ən aşağı göstəricidir. Bir həftə ərzində siyasətçi dəstəyini üç faiz itirib. Son qırx ilin ən yüksək həddinə çatan inflyasiya, ərzaq və yanacağın qiymətlərinin artması səbəbindən Bayden seçicilərini itirir. Siyasətçinin populyarlığına onun qeyri-müəyyən açıqlamaları, qəribə hərəkətləri də təsir edir. 

Müəllif: Turan Abdulla