Xalq yazıçısı İsmayıl Şıxlının büstünün açılışı olub - FOTOLAR

Mədəniyyət

11.09.2021 - 14:28

Büst Xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanıb 

Bu gün Qazax rayonu İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində Xalq yazıçısı İsmayıl Şıxlının büstünün açılış mərasimi keçirilib. 

AYNA xəbər verir ki, tədbirdə Qazax Rayonu İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Xalq yazıçısının digər oğlu Fərrux Şıxlı, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev, professor Qulu Məhərrəmli, "Altun Kitab" nəşriyyatının direktoru Rafiq İsmayılov, rejissor Tahir Tahiroviç, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri yazıçı-publisist Məti Osmanoğlu və şair Rəfail İncəyurd, eləcə də məktəbin  müəllim kollektivi, rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Əməkdar incəsənət xadimi Barat Vüsal İsmayıl Şıxlının həyat və fəaliyyəti barədə qonaqlara geniş məlumat verib. Qeyd edib ki, İsmayıl Şıxlı təkcə Qazaxda deyil, bütün ölkə miqyasında bir şəxsiyyət kimi mühüm rol oynayıb. Onun həm ictimai, həm ədəbi fəaliyyəti özünəməxsusluğu ilə seçilib.

Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Xalq yazıçısının oğlu Elçin Şıxlı və digər qonaqlar İ. Şıxlının həyat və yaradıcılığına dair fikirlərini, eyni zamanda açılış mərasimi barədə təəssüratlarını bölüşüblər. 

Mərasim iştirakçıları Xalq yazıçısına göstərilən ehtirama görə məmnunluqlarını ifadə ediblər. 

Qeyd olunub ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. Bugünədək Sərəncam çərçivəsində Qazax rayonunun İsmayıl Şıxlının yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib və Xalq yazıçısının büstünün hazırlanması da həmin tədbirlərdən biridir. 

Xalq rəssamı Natiq Əliyevin hazırladığı büst qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxuyub. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olub. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik edib. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub və 1941-ci ildə ali təhsilini bitirib. 

İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olub, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olub. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib (1991). 

İlk mətbuat əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. 

İ.Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Müəllif: Ayna.az