Amerikalıların üçüncü böyük partiya istəyinə sabiqlər "hə" dedi: yeni siyasi partiya iddialıdır
ABŞ-da "Forward" (İrəli) adlı üçüncü siyasi partiya fəaliyyətə başlayıb. “Reuters”in məlumatına görə, partiyanı onlarla respublikaçı və demokrat bir araya gələrək təsis ediblər. Yeni partiya ABŞ-da ikipartiyalı sistemin səmərəsizliyindən narahat olan amerikalılara müraciət edib və insanları ətrafında toplaşmağa çağırıblar.
Yeni partiya "Amerikaya xidmət et" Hərəkatı və "Amerikanı yenilə" Hərəkatının birləşməsindən yaranır. Quruma Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Endryu Yanq və Nyu-Cersi ştatının Respublikaçılar Partiyasından qubernatoru olmuş Kristin Todd Uitman rəhbərlik edəcək.
Təsisçilər ümid etdiklərini bildiriblər ki, ABŞ-ın hazırkı ikipartiyalı siyasi sistemində "Forward" mərkəzçi təşkilat olaraq nüfuz qazanacaq. Siyasi təşkilatın liderləri seçicilərin dəstəyini qazanmaq üçün payızda ABŞ-ın 20 şəhərində tədbirlər keçirəcəklərini bildiriblər. Partiyanın rəsmi elanı sentyabrın 24-də Hyustonda baş tutacaq. İlk partiya qurultayı isə gələn ilin yayında keçiriləcək.
Qeyd edək ki, indi ABŞ-da Respublikaçılar Partiyası və Demokrat Partiyasından başqa, 40 kiçik partiya var. Lakin onların siyasətə ciddi təsiri yoxdur.
Ötən il "Gallup"un sorğusu göstərmişdi ki, amerikalıların üçdə ikisi üçüncü böyük partiyanın meydana çıxmasını zəruri hesab edirlər.
Siyasi strateq və "Analitik İnstitut" layihəsinin rəhbəri Maykl Podhorzer bildirib ki, respublikaçılarla demokratlar arasında artan gərginlik səbəbindən Amerika cəmiyyəti parçalanma ərəfəsindədir. Onun sözlərinə görə, indiyədək idarə olunan güc balansı daha kövrək olduğu üçün insanlar radikal dəyərlərə meyl edirlər.
Professor Li Haydonq isə deyib ki, Amerika cəmiyyəti daxilində dərin parçalanma səbəbindən Birləşmiş Ştatlar böyük siyasi böhran astanasındadır. Professor hesab edir ki, ABŞ-dakı bəzi tədqiqatçılar yeni vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıqlar edirlər. Onun sözlərinə görə, diqqətlər bu təhlükəyə yönəlməlidir.