Festivalda xarici ölkələrdən tanınmış ifaçılar və qruplar iştirak edəcək
Sentyabrın 18-dən 28-dək Milli Musiqi Günü münasibətilə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. AYNA xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidmətindən bildirilib .
Festivalda Azərbaycan, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçılar və qruplar iştirak edəcək.
Festival çərçivəsində Bakı, Şuşa, Gəncə, Lənkəran, Qəbələ, Naxçıvan və Şəmkirdə konsertlər, tamaşalar, sərgilər, elmi konfranslar və ustad dərsləri keçiriləcək.
Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq. Konsert proqramında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor - Əməkdar Artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər və baş dirijor - Xalq Artisti Gülbacı İmanova) çıxışları olacaq. Solistlər öz çıxışlarını Xalq artisti Ülviyyə Hacıbəyova (fortepiano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano) və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) təqdim edəcəklər.
Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisaslaşdırılmış Mədəniyyət Mərkəzinin təqdimatında “Mədəniyyət naxışların əks olunmasında” adlı sərgi də keçiriləcək. Respublika üzrə Heydər Əliyev mərkəzlərində və kinoteatrlarda Üzeyir Hacıbəylinin əsərləri əsasında bədii filmlər nümayiş etdiriləcək, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət ocaqlarında müxtəlif tədbirlər təşkil olunacaq.