Türkiyəli TIR sürücülərindən Azərbaycana yönəlik narazılıq

Cəmiyyət

07.10.2021 - 17:25

Azərbaycan rəsmilərinin bu məsələ ilə bağlı mövqe bildirməsi çox önəmlidir

Türkiyənin ana müxalifət lideri Kamal Kılıcdaroğlu dünən Mersin şəhərində TIR sürücülərilə keçirdiyi görüşdə Azərbaycana yönəlik narazılıqlar səslənidirilib. Əsas arqument bu olub ki, Azərbaycan başqa ölkələrin daşımaçılarından tələb etmədiyi 2500 dolları türkiyəli sürücülərdən alır.

Narazılıqlardan biri də bu olub ki, Rusiya tərəfi sürücülərin Gürcüstan sərhəd qapısından imtina edib Azərbaycan marşutunun seçməsini istəyir.

Azərbaycan rəsmilərinin bu məsələ ilə bağlı mövqe bildirməsi çox önəmlidir. Çünki Azərbaycan regionda aparıcı tranzit ölkə olmağa iddialıdır və bunun üçün nəqliyyat-logistika infrastrukturuna 100 milyonlarla dollar sərmayə yatırır. Üstəlik, burada söhbət Türkiyə kimi Azərbaycan üçün son dərəcə önəmli bir tərəfdaşla münasibətlərdən gedir.

Nəzərə almalıyıq ki, Gürcüstan Rusiya ilə sərhədə (Yuxarı Lars marşurutunda) qışda yaranan problemləri həll etmək üçün yeni layihəyə start verib. Dəyəri 400 milyon dollar olan, yaxın 3 ildə istifadəyə veriləcək 23 kilometrlik yeni yol və onun tərkib hissəsi kimi 9-kilometrlik tunel qış aylarında qar uçqunu təhlükəsilə bağlanan,  Quduaridən keçən marşurutun istiqamətini dəyişərək daha təhlükəsiz edəcək. Bu halda Türkiyə TIR-ları üçün Gürcüstan marşurutunu seçmək daha sərfəli olacaq. Çünki Azərbaycan marşurutununun uzunluğu 900 kilometrə yaxın olduğu halda, Yuxarı Lars xəttilə həmin məsafə 550 kilometr təşkil edir.

Belə rəqabət şəraitində Azərbaycan yalnız sərfəli iqtisadi şərtlərlə uduşlu mövqe qazana bilər. Hər halda rəsmi əsaslandırmanı eşitmək maraqlıdır.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert