Qazaxıstan Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşlər keçirib
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşlər keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə Qazaxıstan liderinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatlara görə, Tokayev Makronla cari geosiyasi məsələlərlə bağlı “qeydləri sinxronlaşdırıb”.
“Dövlətimizin başçısı vurğulayıb ki, Fransa Qazaxıstan üçün Avropa İttifaqında əsas və etibarlı tərəfdaşdır”, - deyə bildirilib.
Stubb ilə görüşdə "dünyadakı mövcud geosiyasi vəziyyətin müzakirəsinə xüsusi diqqət yetirilib". Finlandiya Prezidentinin Qazaxıstana gözlənilən səfəri də müzakirə olunub. Qazaxıstan Prezidentinin Mətbuat Xidməti səfərin tarixlərini dəqiqləşdirməyib.
Tokayev Baş Assambleyanın sessiyası çərçivəsində Belçikanın Baş naziri Bart de Vever ilə də görüşüb. Hər iki tərəf ikitərəfli məsələləri müzakirə edib. Söhbət zamanı Tokayev qeyd edib ki, “Qazaxıstan Avropa İttifaqında əsas tərəfdaş olan Belçika ilə uzunmüddətli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir”.