Teymur Rəcəbov İddiaçılar Turnirindən imtina etməsinin səbəbini açıqladı

İdman

06.03.2020 - 15:03

"Nəticədə məni digər iştirakçı ilə əvəzlədilər"

 

Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun İddiaçılar Turnirində iştirakdan imtinası ilə bağlı bəyanat yayıb. AYNA xəbər verir ki, səhər saatlarında FİDE-nin rəsmi səhifəsi olan FİDE.COM saytı həmyerlimiz Teymur Rəcəbovun şəxsi məsələlərlə əlaqədar olaraq martın 17-də Rusiyanın Yekaterinburq şəhərində start götürəcək "İddiaçılar turniri"-də çıxışdan imtina etməsi və onun əvəzinə orada fransalı Maksim Vaşye-Laqrafın çıxış edəcəyi barədə məlumat yayıb. 

 

Çox keçmədən Teymur Rəcəbov öz "Instaqram" səhifəsində məsələ ilə bağlı olduqca maraqlı paylaşım edib: “Əziz həmvətənlərim, şahmat azarkeşləri, bütün şahmat ictimaiyyəti, həmkarlar və dostlar. Bu xəbər doğru deyil. Turnirdən çıxmaq üçün şəxsi səbəbim yoxdur. Çox yaxında bununla bağlı FİDE-yə göndərilən məktublar və onların mənə ünvanladıqları cavabları ilə birlikdə açıqlama verəcəm”. 

 

Azərbaycan Şahmat Federasiyasının Mətbuat xidməti isə Teymur Rəcəbovun turnuirdən imtina etməsinin səbəbini "Koronavirus" təhlükəsi olduğunu bildirib.

 

Çox keçmədən Teymur Rəcəbov məsələ ilə bağlı geniş açıqlama yayaraq bütün qaranlıq məqamlara aydınlıq gətirib: "Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə dünya çempionu tituluna namizədlər turnirində iştirak etməli idim. Bildiyiniz kimi, hazırda dünyada koronavirus epidemiyasının artması müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanı risk səviyyəsini ən yüksək qiymətləndirib - qırmızı olduğunu açıqladı. Dünyadakı bir çox yarışlar və əlamətdar hadisələr vəziyyətin inkişafına əsaslanaraq ləğv edilir və ya daha gec bir tarixə təxirə salınır. FİDE Beynəlxalq Şahmat Federasiyası bir sıra profilaktik tədbirlər həyata keçirib. Ancaq bunlar kifayət qədər deyil. Çin şahmatçılarına, onların məşqçilərinə və müşayiət edən şəxslərə Rusiyada 14 gün müddətində karantində qalacaqları bildirildi. Çin şahmatçılarından bir nəfər, onun məşqçiləri və heyəti həqiqətən karantinə alınıb. Ancaq Çindən gələn ikinci iştirakçı karantinə alınmayacaq və turnirin başlanmasına yaxın koronavirus epidemiyasının hər gün artdığı ölkədən gələcək. Bundan əlavə, hər hansı bir iştirakçı, məşqçi və ya onu müşaiyət edən jurnalistlər, müsahibə götürənlər və ya hakimlərdən birində soyuqdəymə və ya koronavirus aşkarlanarsa turnirin necə davam edəcəyi barədə FİDE tərəfindən bir açıqlama verilmir. İştirakçılar karantinə alınacaqsa analiz və virusun mövcudluğunu müəyyənləşdirmək üçün nə qədər mərhələ və vaxt lazım olacaq? Namizədlər arası turnir 22 gün ərzində davam edən 14 turdan ibarət şahmat marafonudur. Turnirin qlobal epidemiya şəraitində necə keçəcəyi, virus və ya adi SARS aşkar edildiyi təqdirdə hansı addımlar atılacağı və ya xəstə iştirakçıya münasibətdə hansı tədbirlərin görüləcəyi barədə heç kim izahat vermir".

 

"Yaranmış bütün belə məqamlarla əlaqədar mən FIDE-yə turniri başqa tarixə keçirməsi təklifi ilə müraciət etmişəm. Lakin bu təklifimə rədd cavabı almışam. Yuxarıda göstərilənlərlə əlaqədar belə şərtlərin İddiaçılar Turniri kimi vacib yarışda maksimal oyun səviyyəsi ortaya qoymaq üçün lazımi olan konsentrasiya və əhval-ruhiyyə səviyyəsinə güclü təsir edə və sağlamlıq üçün təhlükə yarada biləcəyini hesab etdim. Nəticədə məni digər iştirakçı ilə əvəzlədilər", - deyə bildirilir. 

 

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı. Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Turnirdə ümumilikdə 8 şahmatçı - Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Hao Yanq (hər ikisi Çin) iştirak edəcəklər. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq. 

Müəllif: Ayna.az